Siyasət 10 Aprel 2023, 13:55 | Baxış sayı: 136
“Müxalifət yoxdur, xalq onları zorla seçəsi deyil ki...”

“Azərbaycanın dövlət quruluşu Konstitusiya ilə müəyyən olunur. Konstitusiyaya görə, Azərbaycan prezidentli respublikadır. Hər bir səlahiyyət də Konstitusiyada göstərilib. Ölkədə dövlət quruluşunun, idarəetmənin dəyişdirilməsi ilə əlaqədar hər hansı addım atılacaqsa, bu, mütləq referendum yolu ilə həyata keçirilə bilər. Bu gün isə ölkədə referendum elan olunması ilə bağlı nə bir qərar, nə fərman, nə də sərəncam var. Bizdə prezident seçkiləri səsverməsi yolu ilədir və 7 ildənbir keçirilir. Xalq seçkilərə gəlir, etimad göstərir, səsini verib, öz prezidentini seçir. Bu, ən demokratik idarəetmə üsullarından biridir. Konstitusiyada da yazılıb ki, hakimiyyətin mənbəyi xalqdır, yəni Azərbaycan xalqı. Azərbaycan xalqı öz prezidentini, seçkili orqanlarını seçir və idarəetməni onlara həvalə edir”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Milli Şurasının sədri Cəmil Həsənlinin “İstisna olunmur ki, Azərbaycan parlament idarəetmə formasına keçsin” fikirlərinə münasibət bildirərkən deyib.

 

S.Novruzov C.Həsənliyə belə cavab verib: “Xalq müxalifəti zorla seçəsi deyil ki. Azərbaycanda müxalifətə etimad yoxdur. Azərbaycanda Prezident tərəfindən o qədər islahatlar həyata keçirilib ki. Ölkəmiz Ermənistan üzərində 200 ildə əldə olunmayan bir qələbəni təmin edib, işğal altında olan torpaqlarımızı azad etməyi bacarıb, Azərbaycan indiyə qədər bütün döyüşlərdə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu qələbəni qazanıb. Bütün sahələrdə - iqtisadiyyat, siyasət, sosial məsələlərlə bağlı hərtərəfli islahatlar gedir, xalqın güzəranının yaxşılaşdırılması üçün addımlar atılır. Tikinti, quruculuq, abadlıq işləri aparılır, yeni iş yerləri açılır. Ona görə də insanlar gəlib səs verirlər. Müxalifətə nəyə görə səs versinlər? 1990-cı ildəki ab-havaya, yaxud beyinlərindəki düşüncə tərzinə görə, bəlkə, erməniyə işləməklərinə, müəyyən müxalifət partiyalarının erməni lobbisinin pulu ilə maliyyələşmələrinə, yaxud bizi istəməyən dövlətlərin verdiyi maddi yardımlardan ötrü Azərbaycana böhtan atmalarına görə? Xalq hər şeyi görür, buna uyğun da səsini verir. Xalq bunlara etimad göstərmir. Xalq etimad göstərir Prezidentə, Müzəffər Ali Baş Komandana! Bu gün işğaldan azad olunan ərazilərdə böyük quruculuq, abadlıq işləri gedir ki, vətəndaşlarımız 30 ildə çəkdikləri zülümdən sonra yaxşı yaşayış şəraiti ilə təmin olunsunlar. İnsanlar buna səs verirlər. Yoxsa camaat elə hər yerindən durub mənasız-mənasız danışana səs vermir ki…”

Xəbərlər