Plenar iclaslar, Qanun Layihələri 17 İyun 2022, 15:26 | Baxış sayı: 191
"Müharibə əlili vəfat edəndə pensiyası xanımına verilsin".

“Müharibə əlilləri dünyalarını dəyişəndən sonra onların xanımları ağır həyat yaşamalı olur”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, qanun onların müavinətlərinin, pensiyasının həyat yoldaşına verilməsini təmin etmir: “Bu, azyaşlı övladı olan ailələrə şamil edilir. Ölkəmizdə qadın-kişi bərabərliyi var, amma bu, iş tapmaq, işləmək və bərabər əmək haqqı almaq məsələlərində heç də yazıldığı kimi deyil. Qadınlara iş tapmaq, dolanmaq daha çətindir. Qadın həyat yoldaşı vəfat edəndən sonra köməksiz qalır. Sizə deyim ki, belə ailələr çox deyil, amma problemləri çox ağırdır. Təklif edirəm ki, müvafiq qanunlara düzəliş edək və bu qəbildən olan ailələrdə evin dolanışıq mənbəyi olan kişi rəhmətə gedən zaman onun pensiyasını xanımı alsın.

Hörmətli Sahibə xanım, Sizdən bu məsələnin araşdırılması üçün müvafiq şöbələrə göstəriş verməyinizi xahiş edirəm. Bu məsələyə ƏƏSMN-in nümayəndəsinin də fikir bildirməsini xahiş edirəm. Bu problemin həlli imkanları varmı?”

 

Xəbərlər