Plenar iclaslar 30 Sentyabr 2021, 13:04 | Baxış sayı: 185
"Müharibə iştirakçılarına cavab vermək olmur, hamısı iş istəyir, çörək istəyir".

“Müharibə iştirakçılarının sosial vəziyyətini, işsizlik problemini nəzərə alaraq, onların sosial güzəranının yaxşılaşdırılmasına yönəlik əlavə tədbirlər görək”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, bu layihəni mövcud sosial təminatlara dair qanunlara əlavə kimi hazırlayıb təqdim etmək istəyir: “Məqsəd müharibə iştirakçılarının peşə təhsilinə, ali təhsilə, sənətkarlığa və məşğulluğa cəlb edilməsidir. Səfərbərlik və könüllü müharibə iştirakçılarının əksər hissəsi təhsilsiz, peşəsiz və sənətsizdir. Məqsəd birinci və ikinci Qarabağ müharibəsi iştirakçılarının, şəhid ailələrinin hamısının problemlərinə köklü yanaşaraq həll edilməsidir. Biz onlara küçə süpürtdürə bilmərik axı! Hətta, məşğulluq proqramı çərçivəsində verilən mal-heyvan, qoyun-quzu saxlamaqda belə çətinlik çəkirlər. Niyə? Çünki, onlara təklif olunan məşğulluq sahələri içərisində ən asanı mal-heyvan almaqdır. Hər rayonda isə bu tip məşğulluğu 2-3 min şəxs növbəyə dayanıb. Yeganə çarə onlara peşəyə və təhsilə cəlb etməkdir. Müharibə iştirakçılarına cavab vermək olmur, hamısı iş istəyir, çörək istəyir. Yaralı müharibə iştirakçılarının çoxu əlillik dərəcəsi almaq istəyir. Əgər onlara yüksək maaşlı iş təklif olunsa, inanıram ki, əlillik dərəcəsi almaq üzərində bu cür savaş başlama. Çıxış yolu isə dövlət proqramı vasitəsilə onların əksəriyyətinin peşəyə və təhsilə cəlb edilməsidir”.

Xəbərlər