Cəmiyyət 4 Avqust 2023, 15:53 | Baxış sayı: 95
“Moped sürücüləri bu yolla çörək qazanırlar, həll yolunu tapmalıyıq”

“Moped sürənlərlə bağlı vətəndaşların şikayətləri var idi. Bir neçə millət vəkili bununla əlaqədar problemləri Milli Məclisdə qaldırdı. Qanuna edilən dəyişikliyin tələbi budur ki, moped sürücüləri də qeydiyyat nişanı alsınlar, daha məsuliyyətli sürücü olsunlar. Təbii ki, bu, əlavə maliyyə yükü yaradır. Ola bilsin, moped sürücülərinin bu yükü ödəməyə gücləri çatmasın. Məsələ burasındadır ki, moped sürənlərin əksəriyyəti kasıb, imkansız gənclərdirlər, aralarında tələbələr də var. Bu yolla çörək qazanırlar. Moped sürüclərinin hamısı haqqında mənfi rəy söyləmək olmaz, amma içlərində 2-3% doğrudan da yol hərəkəti iştirakçılarına, eyni zamanda avtomobil sürücülərinə ciddi maneə yaradır, təhlükə törədirlər. Necə gəldi sürüb keçirlər və qəza vəziyyəti yaradırlar. Həm özləri qəzaya düşürlər, həm başqalarının həyatını məhv etmiş olurlar. Bütün bunları nəzərə alaraq qanuna dəyişiklik edildi”.

 

Bu sözləri Milli Məclisin deputatı Razi Nurullayev moped sürüclərinin etiraz aksiyası keçirmələrinə münasibət bildirərkən deyib.

 

Deputat moped sürüclərinin maliyyə çətinliklərinin olması barədə etirazla razıdır: “Moped vasitəsilə işləyənlərin çoxu ailələrini dolandırırlar. Bu da əlavə iş yerləridir. Bilmirəm, bu məsələni necə həll etmək olar, bəlkə də, hər hansı güzəşt nəzərdə tutula, ödəniş aylara bölünə bilər. Düşünürəm ki, problem varsa, işi birtərəfli, kəskin bucaq altında qoymaq düzgün deyil - “xoşun gəlsə də, gəlməsə də, istəsən də, istəməsədn də, budur...” Məncə, işi bu şəkildə köndələn qoymaq düzgün deyil. Müəyyən mənada vətəndaşların da, moped sürücülərinin də ehtiyaclarını, tələblərini, statuslarını, imkanlarını nəzərə alıb həll yollarını tapmaq lazımdır. Kəsib atmağa, incitməyə, insanları narazı salmağa nə var ki? Yaxşı qanun, yaxşı insan, yaxşı məmur odur ki, o, poblemləri bu və ya digər şəkildə, heç kimi narazı salmadan həll edə bilsin. Dövlət də razı qalsın, vətəndaş da. Mən bu cür yanaşmağın, moped sürən şəxslərlə bağlı həll yolunun tərəfdarıyam. Onları incitməsinlər, müəyyən şərait, imkan yaradılsın ki, ya qanunla nəzərdə tutulmuş mərhələni aylar ərzində keçsinlər, əziyyət, yük altında qalmasınlar, ya da işlərindən imtina etməli olmasınlar. Çünki bir şəxsin işindən imtina etməsi bir ailənin ac, pulsuz qalması, məşəqqət içində yaşaması deməkdir. Biz buna razı ola bilmərik”.

pravda.az

 

Xəbərlər