Ümumi, Cəmiyyət 25 İyun 2021, 19:14 | Baxış sayı: 264
"Millət vəkilinin vəzifəsi problemi şəxsən həll etmək yox, müvafiq qurumlara mövcud problem və müraciətlərin çatdırılaraq həlli üçün dəstəyin göstərilməsidir".

– Şahin müəllim seçicilər hansı probləmlər müraciət edirlər?

Seçicilərin ünvanladığı müraciətləri üç yerə ayırmaq olar. Bunlardan birincisi rayon, şəhər, kənd və ya qəsəbə səviyyəsində olan müraciətlərdir. İkincisi daha çox hüquq və qanunlar kimi istiqamətlərdə bilik, eyni zamanda məlumatların azlığından irəli gələn müraciətlərdir. Hansı ki, bu məlumatlılığın olmamasından dolayı, vətəndaş müraciətinin həlli istiqamətində addımlar atılan zaman, ilkin mərhələdə müəyyən nəticələr əldə etməkdə çətinliklərlə qarşılaşır. Yəni birinci növ müraciətlər kənd və qəsəbə əhəmiyyətli olsa da, ikinci növ müraciətlər nisbətən hüquq və qanunvericiliklə tənzimlənə bilən müraciətlərdir. Üçüncüsü isə şəxsi problemlər olmaqla – məişət, məşğulluq, maddi dəstək kimi müraciətlərdir. Ümumilikdə bəzi müraciətlərlə bağlı deputat tərəfindən hüquq və qanunvericilik çərçivəsində şifahi formada istiqamətləndirmə verilməsi ilə yanaşı, bəzi müraciətlərlə bağlı isə artıq müvafiq səlahiyyətli qurumlara sorğular ünvanlanır.

– Seçkilər zamanı görüşlərinizdə qaldırılan məsələlər həll olunur mu?

Sözsüz ki, müraciət edilən bəzi məsələlər var ki, müxtəlif istiqamətdə qərarların verilməsi ilə elə yerindəcə həll oluna bilər. Ümumiyyətlə bu addım məsələnin həll olunmasına dair istiqamət verərək, dəstək göstərməkdədir. Millət vəkilinin vəzifəsi problemi şəxsən həll etmək yox, müvafiq qurumlara mövcud problem və müraciətlərin çatdırılaraq həlli üçün dəstəyin göstərilməsidir. Bu fəaliyyət istiqamətində məlumat üçün qeyd edim ki, 2020-ci ildə təmsil etdiyim 50 saylı Abşeron-Qobustan seçki dairəsi və digər ərazilərdən daxil olan ümumi 701 müraciətdən 573-ü icra olunmuş, 108 müraciət qanunvericiliyin tələblərinə uyğun olmamış, 20-i ilə bağlı isə icraat prosesi davam etməkdədir.

– Pandemiya şəraitində qurulan fəaliyyətiniz tam həyata keçirə bilirsiniz mi?

Koronavirus pandemiyası yalnız dünya səviyyəsində yox, həm də yerli səviyyədə müxtəlif sahələr üzrə fəaliyyəti məhdudlaşdırdı. Bu məhdudlaşmaların da təsirlərini və nəticələrini hal-hazırda görürük. Ölkədəmizdə pandemiya elan ediləndən qısa müddət sonra, yəni 2020-ci Aprel ayının əvvəllərində dairəmizdən olan seçicilərlə canlı görüşlərin keçirilməsinin mümkünsüzlüyü var idi. Eyni zamanda komitə iclasları və bir çox lazımı görüşlərin də canlı keçirilməsi mümkün deyildi. Digər tərəfdən pandemiya bir sıra fəaliyyətin təşkilində onlayn formaya keçidi təmin etdi. Bu da öz növbəsində bəzi məsələlərə çevik reaksiya göstərilməsində yeni imkanlar yaratdı. Məsələn, adi halda ucqar kəndlərdə olan müraciətçilər qəbulda iştirak üçün müəyyən canlı qəbul və görüş günlərini gözlədiyi halda, artıq pandemiya dövründə mütəmadi olaraq onlayn qəbul imkanlarının mövcudluğu yarandı.

– Şahin müəllim fəaliyyətiniz barədə hesabat verirsiz davamlı, və sosial şəbəkələrdə aktivsiz bu barədə nə deyə bilərsiz?

Sözügedən məsələdə ən düzgün “hakim” müraciət edən seçici, vətəndaş, əhalidir. Görülən işlərə dair sosial şəbəkələrdə aktivlik sırf “aktivlik naminə” baş tutmur, bunun arxasında müxtəlif problemlərin həlli, qanunvericiliyin təkmilləşdirilməsi, aktual məsələlərlə bağlı işçi qrup və komitə çərçivəsində müzakirələrinin aparılması kimi fəaliyyətlər dayanır. Bu bizim işimizdir və işimizin məqsədyönümlü, nəticələrinin təsiredici olması üçün həssaslıqla yanaşırıq. Ümumiyyətlə işin düzgün aparılması üçün seçicilərimizlə daima ünsiyyəti qorumaqdayıq. Bu istiqamətdə 3 prioriteti müəyyən etmişik: (1) vətəndaşlarla açıq münasibət, (2) əlçatan ünsiyyət və (3) problemlərin nəticəyönümlü həllidir. Hesabatlılıq ilə bağlı isə deyə bilərik ki, 2020-ci ildə Yaz sessiyanın yekunları, 2021-ci ildə isə fəaliyyətə dair 2020-ci il üzrə illik Yekun hesabat çap olunaraq, il ərzində müraciət etmiş bütün vətəndaşların ev ünvanına poçt vasitəsi ilə göndərilmişdir. Hal-hazırda bu ənənənin hər sessiyasının yekununda seçicilərə hesabatın təqdim edilməsini planlayırıq.

– Seçicilərin qaldırdığı məsələlər hansı istiqamətdə həll olunması üçün tədbirlər görürürsüz?

Ünvanıma daxil olan müraciətlər ilə bağlı ümumilikdə 3 vacib mərhələ mövcuddur. 1-ci mərhələ müraciətlərin Milli Məclis aparatı yaxud dairə üzrə və ya sosial şəbəkə, zəng vasitəsi ilə qəbulu və qeydiyyatı, 2-ci mərhələ daxil olan müraciətlə bağlı işçi vəziyyətdə araşdırmaların aparılması və yekun olan 3-cü mərhələ daxil olan müraciətin həlli ilə bağlı müvafiq addımların atılması.

1-ci mərhələdə ən vacib məsələ vətəndaşdan tam məlumatın əldə edilməsi. Çünki burada belə hallar ortaya çıxır ki, vətəndaş tərəfindən məlumat tam dolğun formada verilmir. Bəzi hallarda tam izah edilmir, yaxud ərizədə tam problem qeyd edilmir, ehtiyac duyulacaq sənədlərin nüsxəsi göndərilmir. Bundan irəli gələrək, vətəndaşla əlaqə saxlanılaraq müraciətə dair məsələ tam dəqiqləşdirilib, daha dolğun məlumat əldə edilir. Təcrübə göstərir ki, daxil olan müraciətdə tam məlumatın və ya müvafiq sənədlərin olmaması zamanı vaxt itkisinə gətirib çıxarır.

2-ci mərhələdə isə işçi vəziyyətdə araşdırmaların aparılmasıdır. Ünvanımıza daxil olan vətəndaş müraciəti qanunvericiliyin tələblərinə uyğundursa, yəni əsassız deyilsə, növbəti addımla bağlı qərar verilir. Addımlar şifahi, yaxud yazılı formada, Yerli və ya Mərkəzi İcra Hakimiyyəti orqanlarına müraciət etməklə müəyyən olunur.

Artıq sözügedən qurumlara müraciətin tərəfimizdən ünvanlanması 3-cü mərhələdir və istər bu ana qədər, istərsə də yollandıqdan sonra bütün proses barədə vətəndaş daima məlumatlı saxlanılır. Hətta müvafiq olaraq cavab məktubu bizə daxil olan zaman müraciət sahibi olan vətəndaş bununla bağlı məlumatlı saxlanılır.

Geridə qoyduğumuz müddət onu göstərir ki, çox vaxt müraciət sahibi üçün əldə edilən dolğun, əsaslandırılmış və eyni zamanda qanunvericiliklə tənzimlənən cavab kifayət edir.

– Millət vəkili kimi, hansı qanunlarda dəyişiklik edilməsi üçün təşəbbüs göstərmisiz?

Parlamentdə əsas olaraq 2 komitədə – Elm və təhsil, Gənclər və idman komitələrində üzvlüyüm mövcuddur. Hər iki komitədə məhz daha çox müvafiq sahədə və digər bağlantılı sahələrdə qanunvericiliyə dair müzakirələr təşkil edilir. Həmçinin işçi qrupunun üzvü olduğum və Elm və təhsil komitənin hədəflərindən biri olan “Ali təhsil haqqında” Qanun üzərində də intensiv iş davam etdirilir. Hal-hazırda təhsil sahəsində gündəmdə olan ən aktual məsələdir. Qanun mahiyyətcə geniş və konseptualdır. Bu qanun müstəqil olaraq təhsildə ali təhsil pilləsini əhatə edən və sözügedən sistemdə münasibətləri tənzimləyən qanundur.

– Vətəndaş-məmur, seçici-deputat steoritipin aradan qaldırmısınız. Əl çatan olmaq Sizi yormur?

Vətəndaş hiss etməlidir ki, o vəzifəli şəxslə yox, problem həll etməkdə köməyi göstərmək hazır olan səlahiyyətli şəxsə müraciət edir. Millət vəkili vətəndaş üçün məmur yox, səlahiyyətli şəxs olmalıdır. Vətəndaşlarla iş sahəsində əsas priortitetlərimizlərdən biri məhz açıq münasibət və əlçatan ünsiyyətdir.

– Parlamentin buraxılması, və növbədənkənar seçkilərin keçirilməsi üçün səs verərdiniz?

Azərbaycan dövlət və vətəndaşların maraqlarını əks etdirən bütün təkliflərə səs verməyə hazıram.

Beynəlxalq əməkdaşlıq, və Azərbaycan haqlı həqiqiətlərinin çatdırılmasında istiqamətində hansı işlər görürsünüz?

Sözsüz ki, deputatın fəaliyyəti yalnız daxil olan müraciətlər, ictimai tədbirlər və qanunvericilik fəaliyyəti ilə yekunlaşmır. Burada parlamentlərarası fəaliyyət də var ki, Milli Məclisdə bu yüksək səviyyədə təşkil olunur. Eyni zamanda bu istiqamətdə KİV və sosial mediada da əsaslı işlər görülməkdədir. Bilirsiz ki, indiki dövrdə elektron media və sosial şəbəkələr kifayət qədər böyük kütləni əhatə edir. Geridə qoyduğumuz müharibə dövründə həm mediada, həm də müxtəlif sosial şöbəkələrdə Azərbaycanın haqlı mövqeyinin çatdırılması istiqamətində addımlar atılmışdır.

Mənbə xalq.az

Xəbərlər