Ümumi 17 Mart 2021, 15:10 | Baxış sayı: 341
Millət vəkili Vüqar Bayramov Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun iqtisadi faydalarından danışıb.

Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun Azərbaycanın iqtisadi inkişafına, eləcə də işğaldan azad olunan ərazilərimizin və Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına müsbət təsirləri olacaq.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov Prezident İlham Əliyevin martın 15-də Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməlini qoyması haqda danışarkən deyib.

Millət vəkili qeyd edib ki, uzunluğu 43 kilometr olacaq bu yol region üçün strateji əhəmiyyət daşıyacaq:

“Əvvəla, bu yol başlanğıcını Azərbaycanın tarixi ərazisi olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən, yəni Hadrut yaşayış məntəqəsindən götürəcək və işğaldan azad olunan digər bölgələri birləşdirəcək. Belə ki, dörd hərəkət zolaqlı yol Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndinədək uzanacaq.

Digər tərəfdən, yeni yol Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşəcək. Praktik olaraq Zəngəzur dəhlizi vasitəsilə Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya olunacaq. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Bu yol həm də Azərbaycanın qərb hissəsində fəaliyyət göstərən iş adamları ilə Naxçıvandakı iş adamları arasında əlaqələrin, əməkdaşlığın qurulması baxımından vacibdir ki, bu da qısa vaxtda məhsulların nəql edilməsinə imkan yaradacaq".

Xəbərlər