Ümumi 8 Yanvar 2021, 17:47 | Baxış sayı: 472
Millət vəkili Səməd Seyidov şəhid ailələrini ziyarət edib.

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidov Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla birlikdə İkinci Qarabağ müharibəsinin qazaxlı şəhidlərinin evlərində olub, onların qayğıları ilə maraqlanıblar. İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Qaymaqlı, Aslanbəyli, Hüseynbəyli, Canalı kəndlərindən olan Vətən müharibəsinin şəhidləri əsgər Kərimov Emil İlqar oğlunun, əsgər Omarov Elmar Elvar oğlunun, baş leytenant Hüseynov Nəbi Hacıbala oğlunun, əsgər Həsənov Babək Saleh oğlunun, əsgər Nəsibov Nicat Səməd oğlunun, əsgər Mustafayev Merik Musa oğlunun, kapitan Pənahov Rövşən Mahmud oğlunun, əsgər Nəsibov Asəf Səfəralı oğlunun, kiçik çavuş Mustafayev Sərxan İslam oğlunun, baş gizir Hacıyev Teymur Zaur oğlunun, əsgər Abdullayev Taleh Temraz oğlunun, leytenant Yaqubov Mayis Rəhim oğlunun, əsgər Əliyev İlkin Bəxtiyar oğlunun, kiçik gizir Mədətov Röyal Şahin oğlunun, əsgər Daşdəmirov Elfak Eltun oğlunun ailələrini ziyarət ediblər.
Şəhidlərimizin ruhuna dualar oxunub, əziz xatirələri dərin ehtiramla yad edilib. Şəhidlərimizin ailələrinə, yaxınlarına, valideynlərinə bir daha başsağlığı verilib, Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizin hər zaman qəlbimizdə əbədi yaşayacağı vurğulanıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün fəxrlə, qürurla səsləndirdiyimiz şanlı Qələbəmizə, Zəfərimizə görə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında hərb tariximizdə yeni səhifə açan Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, qanları ilə tarix yazan şəhidlərimizə hər zaman minnətdar və borclu olduğumuzu bir daha dilə gətirib. Ölkə Prezidentinin şəhidlərimizin, yaralılarımızın, hərbçilərimizin ailələrinə olan diqqət və qayğısının bu gün hər birimiz üçün örnək, nümunə olduğunu diqqətə çatdırıb. İcra başçısı onlara göstərilən diqqətin, qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini bildirib.
Milli Məclisin deputatı Səməd Seyidov şəhidlərimizin ailələrinə başsağlığı verərək bütün şəhidlərimizin ruhu qarşısında baş əydiyini söyləyib. Şəhidlərimizlə, eləcə də vətənpərvər oğullar yetişdirən ata və analarla hər birimizin fəxr etdiyini dilə gətirib.
Millət vəkili şəhidlərimizin əzmi, iradəsi, qəhrəmanlığı sayəsində 30 illik həsrətə son qoyulduğunu, illərdir düşmən tapdağında olan torpaqlarımızın azad olunduğunu bildirib. “Bu gün şəhidlərimizin evi ziyarətgah yerimiz, fəxrlə açacağımız qapı və bir ömür boyu unutmayacağımız ünvandır”, - deyən millət vəkili Vətən uğrunda canından keçən bütün şəhidlərimizin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını bildirib. Nə qədər Azərbaycan dövləti və xalqı var, illər ötsə belə şəhidlərimizin və onların qəhrəmanlığının heç vaxt yaddan çıxmayacağını söyləyib. Gələcək nəsillərin 30 illik Qarabağ həsrətinə 44 gündə son qoyan Vətən oğullarının igidliyini, qəhrəmanlığını sevə-sevə öyrənəcəyini, onlarla hər zaman fəxr edəcəklərini qeyd edib. Bugünkü şanlı Zəfərimizə görə Ali Baş Komandan İlham Əliyevə, Müzəffər Ordumuzun əsgər və zabitlərinə, hərbçilərimizə, torpaqlarımızı canları bahasına azad edən şəhidlərimizə minnətdar olduğumuzu bir daha qeyd edərək şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib.
Dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə razılıq edən ailələr həmin qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Övladlarının döyüş meydanında göstərdikləri igidliklərinin ölkə Prezidenti tərəfindən yüksək qiymətləndirilərək orden və medallara layiq görülməsini minnətdarlıq hissi ilə qarşılayıblar.

Xəbərlər