Cəmiyyət, Siyasət 22 Aprel 2021, 18:27 | Baxış sayı: 430
Millət vəkili: "İşğaldan azad edilmiş Azərbaycan ərazisinə silahlı müdaxilə edən xarici vətəndaşın adı canidir, terroristdir".

AZƏRTAC xəbər verir ki, ermənipərəst deputatları cəlb edərək, belə mövzunu müzakirəyə çıxaran və bundan Azərbaycan əleyhinə növbəti şər-böhtan vasitəsi kimi istifadə etməyə cəhd edən Ermənistan növbəti dəfə iflasa uğradı.

Çıxışını bu adda mövzunun müzakirəyə çıxarılmasının doğru olmadığı fikri ilə başlayan AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov saxlananların ermənilərin iddia etdiyi kimi hərbi əsir deyil, cinayətkarlar olduğunu bildirərək dedi: “Əsir iki tərəf arasında gedən müharibədə qarşı tərəfin ələ keçirdiyi düşmən əsgəridir. Adətən tərəflər arasında sülh müqaviləsi bağlanandan sonra daha hərbi əsir statusu bitir, işləmir. İşğaldan azad edilmiş Azərbaycan ərazisinə silahlı müdaxilə edən xarici vətəndaşın adı canidir, terroristdir. Canini, terroristi ciddi-cəhdlə müdafiə etməyin adı nədir, məqsədi nədir?”

Rafael Hüseynov müharibədə əsir düşmüş bütün şəxslərin üçtərəfli müqavilə imzalanandan dərhal sonra qarşılıqlı olaraq qaytarıldığını dəlillərlə Assambleya üzvlərinin diqqətinə çatdıraraq bildirib: “Birinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən itkin düşmüş sayılan 4000-dən artıq insan vardı. Bunlar elə əsir və girovlar deməkdir. Ermənistan birini də qaytarmadı. Son Qarabağ müharibəsində Azərbaycan Ermənistana 1500 əsgərin cəsədini qaytardı. 2020-ci ilin 10 noyabrında üçtərəfli müqavilə bağlanaraq döyüşlər rəsmən dayandırıldı. Bağlanmış müqaviləyə əsasən əsirlər “hamının hamıya” prinsipi ilə dəyişdirildi. Azərbaycan Ermənistana 44 əsir verdi, Ermənistan Azərbaycana 14 nəfər. Müharibə bitəndən bir müddət sonra Azərbaycan ərazisinə silahlı müdaxilə edən, təxribatlar törədən cinayətkarlar artıq heç vəchlə hərbi əsir sayıla bilməz. Bu, o məqamdır ki, demaqogiya, söz oyunları keçmir. Beynəlxalq qanunlar, konvensiyalar var, biz də qərarlarımızı, rəylərimizi hamılıqla qəbul edilmiş həmin qanunlar əsasında çıxarmalıyıq. Beynəlxalq norma və qaydalarsa bu qəbildən olan şəxslərə ya hərbi cinayətkar deyir, ya da daha dəqiq onları terrorist adlandırır”.

Ermənistanın növbəti saxtakarlıq edərək hərbi əsir kimi qələmə verdiklərinin, əslində, təxribatçı və terrorçular olması haqda Rafael Hüseynov təfərrüatları çatdıraraq deyib: “Saxlanılanların hamısı Ermənistanın Şirak vilayətindən Ermənistan silahlı qüvvələrində hərbi xidmət keçmək üçün çağırılıb və Azərbaycanın ərazilərində onun Silahlı Qüvvələrinin üzvlərinə və mülki əhalisinə qarşı diversiya və terror aktları törətmək məqsədilə bu ərazilərə yeridilib. Bu, rəsmi məlumatdır. Tutulan şəxslərin hamısı 2020-ci il 26 noyabr tarixindən, yəni Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanatla əldə edilmiş atəşkəsin qüvvəyə minməsindən sonra Ermənistan tərəfindən Azərbaycan ərazilərinə göndərilib”.

Deputat Rafael Hüseynov diqqətə çatdırıb ki, müharibə bitsə də, Ermənistanda Azərbaycana qarşı nifrət və kin siyasəti aparılır, revanşist çağırışlar səsləndirilir: “Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli birgə bəyanat ilə Ermənistan və Azərbaycan arasında 30 ildən bəri davam edən qarşıdurmaya son qoyuldu. Lakin təəssüf ki, bununla da erməni cəmiyyətində azərbaycanlılara qarşı düşmənçilik və nifrət sona çatmadı. Bu gün Ermənistanda Azərbaycanla barışıqdan və dinc yanaşı yaşamaqdan danışmağa cəsarət edən hər kəsə xain kimi baxılır və onlara həqarətlə “türk” deyirlər. Yaxınlaşma, əməkdaşlığa can atmaq əvəzinə isə məsuliyyətsiz və təhlükəli revanşizm və dözümsüzlük çağırışları dövlət səviyyəsində təbliğ olunur, təəssüf ki, bu mövqe Ermənistanda bütün siyasi spektrdə paylaşılır”.

Son olaraq Rafael Hüseynov Avropa Şurasındakı erməni havadarlarına səslənərək onları cəfəng əsaslandırmalarla Ermənistanı ciddi-cəhdlə müdafiə etməyə çalışmaqdansa öz dostlarına ağıl vermələrini tövsiyə edib: “Prezident İlham Əliyev bir neçə gün əvvəl Azərbaycanın Ermənistanla əhatəli sülh müqaviləsi bağlamağa hazır olduğunu, lakin Ermənistanın bundan yayındığını bildirib. Odur ki, əsassız arqumentlərlə haqsız Ermənistanı nəyin bahasına olursa-olsun müdafiə etməyə çalışanlar yaxşı olardı ki, dostlarını nəhayət, düz yola dəvət etsinlər”.