Ümumi 13 Fevral 2023, 15:38 | Baxış sayı: 231
"Mehriban Əliyevanın müraciəti Türkiyədə fəlakətlə bağlı hər bir azərbaycanlının üzüntüsünü ifadə edir"

“Azərbaycanın Türkiyədə baş verən zəlzələ ilə bağlı göstərdiyi yardım xalqlarımız arasında münasibətlərin nə qədər dərin köklərə malik olduğunu nümayiş etdirir. Bu dəstəyi hər bir azərbaycanlı qardaşlıq borcu kimi qəbul edir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

, bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın müraciəti Türkiyədə baş verən dəhşətli fəlakətlə bağlı hər bir azərbaycanlının keçirdiyi üzüntünü ifadə edir.

Soltan Məmmədov qeyd edib ki, Azərbaycan xalqının böyüklüyünə, müdrikliyinə və ən çətin məqamlarda birlik, həmrəylik nümayiş etdirmək bacarığına tarix dəfələrlə şahidlik edib. Birinci Vitse-prezidentin müraciəti xalqımızın yüksək mənəvi-əxlaqi xüsusiyyətlərinə verilən yüksək dəyərin nümunəsidir: “Zəlzələdən sonra ilk saatlarda cənab Prezidentin göstərişi əsasında qardaş Türkiyəyə genişmiqyaslı yardım tədbirləri həyata keçirilir. Fövqəladə Hallar Nazirliyinin xilasedici qrupları təbii fəlakətin baş verdiyi ərazilərdə insanların dağıntılar altından çıxarılmasında fəal iştirak edir. Tibb işçiləri yaralıların sağlamlığına qovuşması üçün əlindən gələni edir. Eyni zamanda, zəlzələdən zərər çəkən insanların ehtiyaclarını ödəmək üçün yardımlar göndərilir. Özəl şirkətlər, vətəndaşlar bütün imkanlarını səfərbər edib. Hörmətli Mehriban xanım Əliyevanın göstərişinə uyğun olaraq Heydər Əliyev Fondu tərəfindən yardımlar göstərilir. Bütün bunlar hər zaman olduğu kimi, xalqımızın zəruri məqamlarda birlik, həmrəylik və fədakarlıq göstərməyə hazır olduğunu sübut edir”.

Deputat vurğulayıb ki, Türkiyədə baş verən fəlakətlə əlaqədar Azərbaycanın atdığı addımlar iki xalqın yalnız ortaq iqtisadi, siyasi maraqlar, etnik köklər, inanclara deyil, həm də son dərəcə dərin və həssas mənəvi köklərlə biri-birinə bağlı olduğunu göstərir: “Müasir dünyamızda və tarixdə çətin ki, bu münasibətlərin bənzərini nümunə göstərmək mümkün olsun. Türkiyə üçün bu ağır günlərdə biz Ümummilli lider Heydər Əliyevin söylədiyi “Bir millət iki dövlət” kəlamının münasibətlərimizi ifadə edən son dərəcə dəqiq bir ifadə olduğuna bir daha şahidlik edirik. Eyni zamanda, onu da xüsusi vurğulamalıyıq ki, bu gün hər bir vətəndaşımızın, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın insanpərvərliyi, zəlzələ bölgəsində həyatını, sağlamlığını riskə ataraq yorulmadan çalışan, bu fəlakətin nəticələrini aradan qaldırmağa öz töhfəsini vermək istəyən xilasedicilərin, həkimlərin, bir sözlə, hər bir azərbaycanlının göstərdiyi fədakarlıq Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu bir daha sübut etdi”.

Xəbərlər