Siyasət 26 Aprel 2023, 14:40 | Baxış sayı: 136
"Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsi Prezidentin qətiyyətli siyasətinin nəticəsidir"

“Aprelin 23-də Laçın-Xankəndi yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və ardıcıl siyasətinin nəticəsi və təntənəsidir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

Deputat bildirib ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatın imzalanması ərəfəsində Azərbaycan, Rusiya və Ermənistan arasında aparılan danışıqlar zamanı Ermənistan dəhlizin 20 km enində və Ermənistanın nəzarətində olmasında təkid edib: “Prezident İlham Əliyevin sərt və barışmaz mövqeyi dəhlizin 5 km müəyyən edilməsi, 3 il müddətində yeni yolun istifadəyə verilməsi və Laçın rayonunun mərkəzinin Azərbaycana qaytarılması ilə nəticələndi və bu prinsipial müddəalar üçtərəfli bəyanatda əksini tapdı. Yeni yol ilyarıma istifadəyə verildi. Ermənistanın 7 km yolu süni şəkildə ləngitməsi, hətta 2022-ci ilin avqustunda bununla bağlı təxribatlar törətməsi buna mane ola bilmədi”.

Aqil Məmmədov qeyd edib ki, Azərbaycanın bu yolda Dövlət Sərhəd Xidmətinin (DSX) nəzarət-buraxılış məntəqəsini qoyması Qarabağda yaşayan mülki ermənilərin bu yoldan istifadəsini məhdudlaşdırmır: “Əksinə, bu, qanuni və tənzimlənən gediş-gəliş üçün imkan yaradır. Təbii ki, ekoaktivistlər etiraza başlayanda da erməni təbliğatçıları deyirdilər ki, “guya Xankəndidə humanitar fəlakət yaradılır”. İndi də erməni tərəfi və onun havadarları eyni təbliğata başlamağa cəhd edəcəklər. Amma birmənalı şəkildə hamı dərk etməlidir ki, separatçılara, revanşistlərə, qanunsuz hərbi birləşmələrə və terrorçulara Azərbaycan ərazilərində yer yoxdur. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan bayrağını və suverenliyini qəbul edən ermənilər burada qalıb yaşaya bilər. Separatizm meylləri olan şəxslər üçün isə qapı açıqdır”.

Aqil Məmmədov xatırladıb ki, 2022-ci ilin sentyabrında Laçının mərkəzi qansız və heç bir qurban olmadan Azərbaycanın nəzarətinə keçdi: “Sonrakı mərhələdə ermənilər Laçın yolu ilə Qarabağa silah-sursat daşıyır, Qarabağda hərbi kontingent formalaşdırmağa cəhd göstərirdilər. Eyni zamanda Qarabağda Azərbaycanın təbii sərvətlərinin talanması və Laçın yolu ilə Ermənistana çıxarılması da baş verirdi. Məhz bu yoldan sui-istifadənin nəticəsində rus sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz erməni silahlılarının sayı durmadan artmış olub. Ekoaktivistlərin Laçın-Xankəndi yolunda etiraz aksiyasına başlaması ilə ermənilərin qanunsuz əməllərinin qarşısına sədd çəkildi”.

Deputat hesab edir ki, tezliklə Laçın da daxil olmaqla, digər azad olunmuş ərazilərə mülki insanlarımızın köçməsini nəzərə alsaq, bu yoldan separatçıların və digər silahlıların sərbəst istifadəsi böyük təhlükələrə səbəb ola bilərdi: “Çünki ermənilərin Laçın yolundan sui-istifadə etməsi halında mülki insanlarımızın həyatı üçün hər zaman təhlükələr yaranması qaçılmaz idi. Sözsüz ki, vəziyyətin bu formada davam etməsi Azərbaycan xalqı və dövləti üçün də qəbuledilməz hesab olunurdu. Azərbaycan Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsini yaratmaqla təkcə ermənilərin növbəti təxribatlarının qarşısını almadı, həm də öz ərazi bütövlüyünü tam bərpa etdiyini hamıya bir daha təsdiqlədi”.

Aqil Məmmədov bildirib ki, xarici mediada Azərbaycana qarşı qara piar kampaniyası, guya Azərbaycanın Qarabağda etnik təmizləmə siyasəti həyata keçirməsi və s. yalanlara əsaslanan kampaniya, təzyiq cəhdləri də görürük: "Lakin heç bir təzyiq Prezident İlham Əliyevi öz qətiyyətli mövqeyindən geri döndərə bilmədi. Azərbaycan öz haqqını tələb etməkdə davam etdi, hətta Azərbaycan Prezidenti Administrasiyası Qarabağ ermənilərinə reinteqrasiya və mövcud problemlərin həlli ilə bağlı müraciət edərək onların nümayəndələrini Bakıya dəvət etdi. Lakin Azərbaycanın bütün çağırışları cavabsız qaldı”.

Xəbərlər