Ümumi 16 Mart 2023, 18:05 | Baxış sayı: 148
"“Kristal Abşeron” cavab verməli olacaq”

““Qobu park-2” yaşayış kompleksində 16 saylı binanın aşma təhlükəsi ilə üz-üzə qalması, əlbəttə, yaxşı hal deyil. Heç birimiz vətəndaşların belə hallarla üzləşməsini istəməzdik. Lakin belə hadisə baş veribsə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binaya baxış keçirməlidirlər. Həmin binada bundan sonra yaşayışın davam etdirilməsinin mümkün olub-olmadığı barədə rəylərini bildirməlidirlər və buna uyğun təcili, operativ qaydada addım atılmalıdır. Təhlükə varsa, aidiyyatı qurumlar vəziyyətə səhlənkar yanaşmamalıdırlar. Qeyri-mütəxəssislərin analizlərinə uyğun fikir söyləməyi düzgün qəbul etmirəm. Türkiyədə baş vermiş hadisələr hər bir ölkə üçün siqnal olmalıdır. Tikinti şirkətləri qarşısında məsuliyyət qoyulmalıdır ki, gələcəkdə pis hal baş verməmiş problemlərin aradan qaldırılması üçün əllərindən gələni etsinlər”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

Deputat bildirib ki, “Qobu park-2” yaşayış kompleksindəki 16 saylı bina sakinlərinin təhlükə altında qalmasında binanı inşa edən “Kristal Abşeron” şirkəti birbaşa məsuliyyət daşıyır: 

“Fövqəladə Hallar Nazirliyinin tikintiyə nəzarəti tikinti başa çatana qədər deyil. Tikintinin yüksək keyfiyyətlə başa çatmasında Fövqəladə Hallar Nazirliyinin də rəyi olmalıdır. Çünki neçə metr məsafədən yuxarı bina tikilirsə, FHN-nin rəyi göstərilməlidir. Bu gün “Qobu park-2”də fövqəladə vəziyyət yaranıbsa, insanlar üçün təhlükə varsa, FHN münasibət bildirməlidir. Belə də olmalıdır. Əlbəttə ki, binanı tikən “Kristal Abşeron” şirkəti də tam məsuliyyət daşımalıdır. Araşdırdıqdan, müvafiq qurumlar binanın tikintisində çatışmazlıqlarla bağlı bütün məsələləri ortaya çıxardıqdan sonra, təbii, mütləq şəkildə “Kristal Abşeron” cavab verməli olacaq ki, niyə belə hal baş verib? İnsanların həyatı üçün niyə təhlükə yaranıb? 

Əlbəttə, bu, çox ciddi məsələdir. İnşaat şirkətləri bu günə qədər binaları necə tikiblər, özləri bilərlər. Amma son zamanlar baş verən hadisələri nəzərə alaraq məsuliyyətli davranmaları barədə özləri özlərinə hesabat verməlidirlər. Çünki o binalarda yaşayan insan olacaq. Orada körpə uşaqlar, ahıl insanlar, xəstə qadınlar da yaşayır. Onların yaşayışı üçün lazımi şəraitin qurulması tikinti şirkətlərindən asılıdır. Kim təminat verir ki, sabah zəlzələ ola bilməz? 

Bütün aidiyyəti qurumlar – tikintini təsdiqləyən, razılıq verən, torpaq sahəsi ayıran qurumlar hamısı məsuliyyət daşıyır. Sabah hadisə baş verəndə istintaq işi aparılacaq. İstintaqın nəticəsində hər şey məlum olacaq ki, günhakar kimdir? Şirkət nələri yerinə yetirməyib ki, belə hal baş verib?”.

Xəbərlər