“Kredit faizləri yüksəkdir, vətəndaşlar qaytarmaqda çətinlik çəkirlər”
“Kredit faizlərinin yüksək olması bu gün bank sektorunda ən ciddi məsələlərdəndir. Hazırda depozit faizləri ilə kredit faizləri arasında mütənasibliyin qorunub saxlanmasına və daha aşağı faizli kreditlərin təklif edilməsinə ehtiyac var”.
Bu fikirləri Metbuat.az-a açıqlamasında iqtisadçı, millət vəkili Vüqar Bayramov deyib. O hesab edir ki, bu istiqamətdə Mərkəzi Bank tərəfindən sistemli şəkildə fəaliyyətlərin həyata keçirilməsi və kredit faizlərinin optimallaşdırılması vacibdir:
“Təbii ki, Mərkəzi Bank tərəfindən bu istiqamətdə müəyyən addımlar atılır. Amma nəzərə alaq ki, bir sıra digər faktorlar - mənfəət normasının yüksək olması, bank sektorunda rəqabətin güclü olmaması səbəbindən kredit faizləri yüksək təklif edilir. Hesab edirəm ki, Mərkəzi Bankın bu istiqamətdə fəaliyyətlərinin genişləndirilməsi nəticəsində kredit faizlərinin azalması müşahidə oluna bilər”.
Vüqar Bayramov qeyd etdi ki, hazırki vəziyyət həm də bank sektorunun özü üçün risklər yaradır:
“Bu səbəbdən yüksək faizlə verilmiş kreditlərin geri qaytarılması ilə bağlı çətinliklər olur. Faizlər yüksək olduğundan vətəndaşlarımız bir sıra hallarda kredit götürdükdən sonra geri qaytarılması ilə bağlı problemlər yaşayırlar. Bu da bütövlükdə vətəndaşlarımızın sosial təminatı baxımından arzuolunan hal deyil. Ona görə də, kredit faizlərinin optimallaşdırılması və aşağı salınması ilə bağlı işlərin davam etdirilməsi və daha aşağı kreditlərin təklif edilməsi istiqamətində fəaliyyətlərin gücləndirilməsi olduqca vacibdir”.
Qeyd edək ki, Mərkəzi Bankın məlumatına görə, hazırda kredit portfeli 19 milyard 594 milyon manatdır. Ölkə üzrə orta kredit faizi 14,13 faiz, ən bahalı kreditlər isə Mil-Muğan iqtisadi rayonundadır - 20,43 faiz. Bu rəqəmlər təbii ki, orta kredit faizləridir. İstehlak kreditləri üzrə faizlər qeyd olunanlardan daha yüksəkdir.