"Jurnalist ömürlük işdir, ona 3 illik vəsiqə verə bilməzsən".
“Ölkədə ilk müstəqil qəzeti mən çıxarmışam, 5 il mətbuat naziri olmuşam. O dövrdə ilk qanunu biz hazırlamışıq. Lakin qanun yaradıcılığında heç məni yada salmayıblar”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.
Deputat bildirib ki, bu qanun daha çox daxili mediaya hesablanıb: “Halbuki Azərbaycan üçün əsas təhlükə xarici mediadandır. Ona görə daxildəki mətbuatı indiyə qədər olan qanunlar idarə edirdi. Amma daxildəki mətbuat təhlükə deyil. Jurnalistikanı müqaviləyə bağlamaq olmaz, jurnalist peşədir. Qəzetlərə köşə yazan yazarlar var. Sən onu jurnalist saymayacaqsan?! Jurnalist ömürlük işdir, ona 3 illik vəsiqə verə bilməzsən. Jurnalist ömürlük jurnalistdir, istəyir işləsin, istəyir işləməsin”.