Cəmiyyət 12 Avqust 2021, 16:49 | Baxış sayı: 290
“İş şəraiti və risk dərəcəsini nəzərə alsaq, minatəmizləyənlərə daha tez pensiya yaş hüququnun verilməsi məqsədəuğun olar”.

“İş şəraiti və risk dərəcəsini nəzərə alsaq, minatəmizləyənlərə daha tez pensiya yaş hüququnun verilməsi məqsədəuğun olar”.

Yenicag.az xəbər verir ki, bunu işğaldan azad olunan torpaqlarımızı minadan təmizləyənlərə tətbiq oluna biləcək mümkün güzəştlərə toxunan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputata görə, güzəştli ipotekadan istifadə etmək hüququ minatəmizləyənlərin aşağı faizli kreditlərlə ev almasına imkan yarada bilər:

“İlkin qiymətləndirmələrə görə, azad olunan ərazilərimizdə işğal müddətində erməni silahlı qüvvələri tərəfindən yüz minlərlə mina basdırılıb. Yalnız Füzuli və Zəngilan rayonlarına 92 mindən çox mina basdırılıb ki, bu da mina təmizləyənlərin işinin miqyasının necə geniş olduğunu təsəvvür etməyə imkan verir. İkinci Dünya Müharibəsi daxil olmaqla fərqli savaşların nümunələri göstərir ki, ərazilərin minalardan təmizlənməsi uzun müddət tələb edir. Aydındır ki, minatəmizləyənlər həyati baxımdan məsuliyyətli və şərəfli fəaliyyət həyata keçirirlər. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işinin gücləndirilməsi fonunda minatəmizləyənlərə də xüsusi güzəştlərdən istifadə hüququnun verilməsi məqsədəuyğun olardı.

Əvvəlla, mənzil təminatının yaxşılaşdırılması üçün minatəmizləyənlərə də sosial ipotekadan istifadə hüququnun verilməsi məqsədəuyğundur. Bundan başqa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən minatəmizləyənlərə də güzəştli, yəni daha tez pensiyaya çıxmaq hüququ verilə bilər”.

Vüqar Bayramov qeyd edib ki, ANAMA-nın uzun müddət çalışan əməkdaşlarının pensiya kapitalı məbləğinə yenidən baxılmasına və 22 faizlik sosial sığorta güzəştinin nəzərə alınaraq vəsaitin hesablanmasına ehtiyac var:

“Belə ki, uzun müddət həmin işçilər üçün 22 faizlik sosial sığorta güzəştinin tətbiq olunması səbəbindən onların pensiya kapitalı məbləği yüksək olmayıb. Həmçinin maliyyə imkanları artdıqca ANAMA əməkdaşlarının əmək haqqlarında artımların davam etdirilməsi vacibdir. Bu, minatəmizləyənlərin sosial müdafiəsinin daha da gücləndirilməsi baxımından əhəmiyyətlidir. Bütövlükdə, növbəti illərdə ANAMA əməkdaşlarının şərəfli fəaliyyəti daha da genişlənəcək. İşğaldan azad olunan torpaqlarımızın daha tez məskunlaşdırılmasında minatəmizləyənlərin xüsusi töhfəsi olacaq”.

Xəbərlər