"İranın heç vaxt Azərbaycana hücum etməyə cürəti çatmaz"
"Deputat həmkarım Fazil Mustafanın güllələnməsinin arxasından da İran çıxacaq. Bu, birinci dəfə deyil. İran 44 günlük Vətən müharibəsində də Ermənistanın yanında oldu. Bundan əlavə, molla rejimi 12 sentyabrda baş vermiş təxribat hadisələrində də Ermənistanın yanında oldu və indi də onların yanındadır. İran Ermənistanın baş nazirinin xanımını İrana dəvət edərək, yüksək səviyyədə qəbul etdi. Bütün bunlar onu göstərir ki, İran hər zaman Ermənistanın yanında olub".
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
Deputat bildirib ki, İran dünyada terrorçu dövlət kimi tanınır:
"İran təkcə Azərbaycanda deyil, digər ölkələrdədə terror əməliyyatları həyata keçirir. Azərbaycan buna görə faktiki olaraq cavabını verir və Türkiyə ilə birgə təlimlər keçirir. Amma, mən əvvəllər də demişəm, indi də öz fikrimdə qalıram, İranın heç vaxt Azərbaycana hücum etməyə cürəti çatmaz. Birincisi, Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi var. Qardaş Türkiyənin Azərbaycana yardım göstərməsi bəyannamədə öz əksini tapıb. Azərbaycanın təhlükəsizliyinə Türkiyə təminat verib. Türkiyənin təhlükəsizliyinə isə Azərbaycan təminat verib. Bu həm Türkiyə Böyük Millət Məclisində, həm də Azərbaycanın Milli Məclisində ratifkasiya olunub. Burası tam aydın məsələdir.
Bundan başqa, İranla əlaqədar digər dövlətlərdə öz bəyanatlarını verir, narahatlıqlarını bildirirlər. İkincisi, bu təhdidlər ona görədir ki, Azərbaycanın təbii ehtiyyatları var, enerji və su resursları kifayət qədər çoxdur".
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın günü-gündən inkişaf etməsi və güclənməsi bəzi qüvvələrin xoşuna gəlmir:
"Bizim İranda 30 milyondan çox soydaşımız var. Onlar orada müəyyən sərbəstlik, məktəb, mədəniyyət evi tələb edirlər. Təbii ki, bunlar həll olunmalıdır. Onlar isə buna əməl etmirlər və daha çox təzyiq metodlarına əl atırlar. İranın problemi Azərbaycanla deyil. İran nüvə istehsal etmək istəyir. Buna isə dünya dövlətləri icazə vermək istəmirlər və onları sıxırlar.
Prezdentimiz cənab İlham Əliyev həmişə İrana qarşı müsbət fikirdə olub. Yüksək səviyyədə onlar üçün həmişə şərait yaradıb. Çox təəssüf ki, İran bütün bu yaxşılıqları unudaraq, Ermənistanla dostluğa üstünlük verdi".