“İranın Ermənistan-Azərbaycan sərhədində təxribat törətməyi planlaşdırması barədə məlumatın əsası var, od olmayan yerdən tüstü çıxmaz”
Xəbər verdiyimiz kimi, Azərbaycan mediasında Ermənistanın Azərbaycana qarşı növbəti dəfə hərbi təxribat həyata keçirməyi planlaşdırdığı, təxribat planının hazırlanması və həyata keçirilməsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 hərbçisindən ibarət təxribat qrupunun iştirak edəcəyi, təxribat qrupunun Azərbaycanın Laçın və Qubadlı rayonları istiqamətində ardıcıl iki hücum təşkil etməyi planlaşdırdığı barədə diplomatik mənbələrdən qaynaqlanan məlumatlar yayılıb.
Milli Məclisin deputatı Razi Nurullayev Pravda.az-a açıqlamasında yayılan xəbərlərə münasibət bildirib.
Deputat deyib ki, Azərbaycanın rəşadətli əsgər və zabitləri bütün təxribatların qarşısını layiqincə almağa qadirdir və alacaqlar: “İran 24 saat düşünür ki, hansı təxribatları həyata keçirsin. İranın erməni silahlı birləşmələri ilə birlikdə Ermənistan-Azərbaycan sərhədində təxribat törətməyi planlaşdırması ilə bağlı yayılan məlumatın, təbii ki, əsası var. Od olmayan yerdən tüstü çıxmaz. İran Azərbaycana qarşı təxribat törədir və törətməyə davam edir, münasibətlərimizi daha da gərginləşdirir. Belə demək olar ki, artıq bütün müstəvilərdə açıq düşmənçiliyə keçib. Bu halda, əlbəttə, narahatlıq doğuran məqamlar var və belə məqamların aradan qaldırılması üçün dövlət, ordumuz səviyyəsində müəyyən işlər aparılır. Bizi və xalqımızı düşündürən bir sual var – İranın Ermənistan sevigisi və Azərbaycan nifrəti nədən qaynaqlanır? İran Ermənistanı Azərbaycana təzyiq vasitəsi kimi görür. Yəni Ermənistan İrana Azərbaycana təzyiq göstərmək, istifadə olunmaq üçün lazımdır. Təəssüf ki, Ermənistan da hər dəfə istifadə olunduqca iştahı daha da artır. Elə bir ölkə olmur ki, Ermənistandan istifadə etməsin. Sanki bunlar istifadə üçün yaranıblar. Rusiya Ermənistan kartından istifadə edir, İran da həmçinin. Ümumiyyətlə, dünyanın bir çox ölkələri Türkiyə və Azərbaycana təzyiq üçün Ermənistan kartından istifadə edir. Bu xalq sanki istifadə olunmaq, pislik, təxribat üçün yaradılıb. Sabah İranla Azərbaycan arasında müəyyən münasibətlər düzələrsə, hərçənd buna inanmıram, o zaman İran Ermənistanı futbol topu kimi vurub, kənara atacaq, Ermənistan yenidən özünə “ağa” axtarmalı olacaq. Bu gün İranın Azərbaycana qarşı apardığı siyasətin əsasında Azərbaycanı zəiflətmək, digər ölkələrdən istifadə etmək, sanki onların düşüncəsində “Azərbaycandan gələn təhlükə”ni önləmək cəhdi durur. Onlar bu təxribatı törətdikcə Azərbaycan xalqı möhkəmlənir, güclənir. Bütöv Azərbaycan sevdamız isə daha da çiçəklənir. Qoy İran narahat olsun. Biz narahat olmuruq, çünki Azərbaycan bu məsələdə haqdır. Bütün dünya Azərbaycanı müdafiə edir və edəcək. İran Azərbaycana qarşı törətdiyi təxribatda heç bir ölkədən dəstək qazana bilməz. Yeganə dəstək qazanacağı ölkə Ermənistandır - Ermənistan İrana, İran da Ermənistana yaraşır”.