"İranmeyilli, rusmeyilli qüvvələrin fikirləri bizim üçün heç vaxt doğma olmayıb, ola da bilməz".
“Şəmkir rayon Xanallar kənd tam orta məktəbin direktoru Nərxanım İsrafilovanın addımını dəstəkləyirəm. İranmeyilli, rusmeyilli qüvvələrin fikirləri bizim üçün heç vaxt doğma olmayıb, ola da bilməz. Dahi Hüseyn Cavid deyirdi ki, məktəbdə xurafata, mövhumata aid süprüntüləri mümkün mərtəbə siniflərə buraxmamaq lazımdır, əvvəldən girmiş olsa da, süpürüb təmizləməyə diqqət və qeyrət olmalıdır. Hüseyn Cavid dövrü üçün belə bir ağrı hiss etmişdi. Düşünürəm ki, məktəbdə hər hansı bir ölkənin dini əməlləri, möhvumatla bağlı hərəkət daxil olmamalıdır. Azərbaycan məktəbləri dünyəvi məktəblərdir, şagirdlər fənlər üzrə biliklər qazanır, tərbiyə alırlar və almalıdırlar. Ona görə də direktoru dəstəkləyirəm”.
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Etibar Əliyev Şəmkir rayon Xanallar kənd tam orta məktəbin direktoru Nərxanım İsrafilovanın şagirdlərin Aşura günü ilə bağlı keçirilən mərasimlərə buraxılmaması barədə müəllimlərə etdiyi xəbərdarlığa münasibət bildirərkən deyib.
Deputat bildirib ki, Məhərrəm ayı ilə bağlı keçirilən tədbirləri insanlar qəbul ediblər və buna heç kim maneə olmur: “Yaşadığım ərazidə də məscid yerləşir. Burada da heç bir qadağa yoxdur. İnsanların dini istəkləri var. Məscid ərazisində və ya öz evlərində bu mərasimi qeyd etmələrində elə bir qəbahət görmürəm. Amma bu cür mərasimlər məktəbə yaxın buraxılmamalıdır. Məktəb istənilən dini, siyasi və ya hansısa ölkənin ənənələrinə xas tədbirlərdən kənarda qalmalıdır. Azərbaycan multikultural ölkədir. Bütün xalqlar ölkəmizdə dinlərinə uyğun ənənələrə riayət edirlər. Dünyada elə ölkələr var ki, din və dinin əsasları tədris olunur. Görkəmli din adamlarının bioqrafiyaları dərsliyə salınır, bizim dərsliklərdə də bu var. Ancaq nə üçün bəs kütləvi dini mərasimin məktəbə ayaq açmasından danışırlar? Bu, əlbəttə ki, Konstitusiyamızda da, məktəb qaydalarında da xüsusi qeyd olunub. Məktəb qaydalarına görə, məktəbə bu cür dini mərasimlərin daxil olması yolverilməzdir. Bu, məktəbli psixologiyasına aid olan məsələ deyil. Məktəb direktoru rasional addım atıb, qanun və qaydalarımıza, məktəbin özünün qayda-qanunlarına riayət edərək bu qərarı verib. Bunu başqa yerə yozmağa əsas yoxdur. Dövlətimizin maraqlarının, eyni zamanda uşaqların qorunması, müdafiəsi üçün hər hansı addım atılacaqsa, İranmeyilli qüvvələr bizi təhdid etməlidirlər? Bu, yolverilməzdir. Kimisə təhdid etməyə ehtiyac yoxdur, bunun özü əxlaqdan kənar bir məsələdir”.