Siyasət 21 Sentyabr 2022, 17:15 | Baxış sayı: 224
"İranda molla rejimidir, indiki dövrdə çox yaşaya bilməzlər"

“İran həmişə rəhbərlik, xarici işlər naziri səviyyəsində Azərbaycanın əleyhinə ittihamlar irəli sürüb, bizi təhdid ediblər. 44 günlük müharibədə faktiki olaraq Azərbaycanın yox, Ermənistanın yanında olublar, ermənilərə hərtərəfli yardım ediblər. Molla rejimidir, indiki dövrdə çox yaşaya bilməzlər. Bu yaxınlarda da fikir verdinizsə, İran Prezidenti Seyid İbrahim Rəisi Azərbaycanla əlaqədar müəyyən təhdidlərə əl atdı. Artıq iki-üç gündür İranda ciddi proseslər baş verir. İran özü nüvə silahı istehsal etmək istəyir, Avropa, ABŞ, Qərb dövlətləri isə bununla razılaşmır. İsraillə də böyük problemləri var. Yəni bu dövlət problemli dövlətdir. Ona görə də, orda demokratik dövlət quruluşuna ehtiyac var...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

 

Deputat İranda son günlər baş verən prosesləri də analiz edib: “İnsanlar etirazlarını bildirdilər. Qadınlar çadralarını atırlar, mitinqlər keçirirlər. Bizim orda 30 milyondan çox azərbaycanlımız var. Onların da haqları pozulub. Ona görə də İranda baş verən hazırkı proseslər gözlənilən idi. Parçalanacağını deyə bilmərəm, amma hakimiyyət dəyişikliyi ola bilər. Parçalanmaq deyəndə, onsuz da orda azərbaycanlılar üçün bir şərait yaradılmalıdır, müəyyən sərbəstlik, demokratik quruluşlar olmalıdır. Məktəbləri və s. hər şeyləri olsun ki, problemləri olmasın. Çox təəssüf ki, İran dövləti bu şəraiti onlar üçün indiyə qədər yaratmayıb. Düzdür, qonşu dövlətimizdir. Dövlət başçımızın həmişə onlara xoş münasibəti var. Hətta müharibədən əvvəl də, sonra da cənab Prezidentimiz İrana xoş münasibət bəsləyib. Prezident İlham Əliyev Cəbrayılda Xüdafərin körpüsündə bildirdi ki, bizim İranla çox yaxşı münasibətlərimiz var, əli ilə də İrana doğru işarə etdi. Görünür, İranın tamamilə başqa istəkləri var. Açıq-aydın Ermənistanı müdafiə edirlər, gizlətmirlər. Azərbaycanı təhdid etmək istəyirlər. Elə deyil axı, orda da bizim azərbaycanlılarımız var, 30 milyondan çox əhalidir. Ona görə də, gec-tez İranda belə hadisələrin baş verəcəyi gözlənilən idi”.

Xəbərlər