“İran ağlını başına yığmalı, Azərbaycanla normal münasibətlər qurmalıdır”
“Cənab Prezident İlham Əliyevin bu gün ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda İran, həmçinin Brüssel görüşü barədə məsələlərə toxundu, çox ciddi mesajlar verdi. Diqqətəlayiq mesajlardır. Cənab Prezident, görünür, İran öz çirkin əməllərindən əl çəkmək istəmədiyi üçün İran dövləti ilə əlaqədar bir daha mövqeyini bildirdi. Dövlət başçımız qeyd etdi ki, orada olan soydaşlarımız bizim can-ciyərimizdir, onları müdafiə edəcəyik, heç kim də Azərbaycana təsir göstərə bilməz. Hesab edirəm, İran dövləti ağlını başına yığmalı, qonşu dövləti Azərbaycanla normal münasibətlər qurmalıdır. Çünki hər ikisi müsəlman dövlətidir. Amma çox təəssüf ki, İran gedib, bütün əlaqələrini Ermənistanla qurub. 44 günlük müharibədə də Ermənistana yardımlar etdi, müharibədən sonra da eyni addımları atdı. Yəni Azərbaycanın inkişafını bu dövlətin gözü götürmür. O cümlədən dövlət başçımızın apardığı müstəqil siyasəti qəbul etmək istəmir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
Deputat bildirib ki, Azərbaycan kifayət qədər qüdrətli dövlətdir, sərbəst, müstəqil xarici siyasət həyata keçirir: “Buna görə də heç kim bizə heç nə diktə edə bilməz. Cənab Prezident tamamilə doğru dedi. Makron kimdir, Brüsseldə keçirilən görüşdə iştirak etsin? Üçtərəfli görüşdür – Avropa İttifaqı Şurasının sədridir, Paşinyandır, cənab Prezidentdir, vəssalam. Bir dəfə cənab Prezident humanistlik göstərdi, icazə verdi, Makron da elə bildi ki, həmişə iştirak edəcək”.
V.Əhmədov Prezidentin Qarabağla bağlı verdiyi mesajlara da diqqət çəkib: “Digər tərəfdən, sərhəddə hər gün atışma olur, atəşkəs pozulur. Görünür ki, ermənilərin artıq “dəmir yumruq”a ehtiyacları var. Yerlərində sakit oturmaq istəmirlər. Eyni zamanda Rusiya sülhməramlıları çox ciddi nöqsanlara yer verir. Laçın dəhlizi vasitəsilə Qarabağa silahlar daşınır, bizə lazım olmayan adamlar gəlirlər. Bütün bunların hamısı Rusiya və Ermənistanın gizlin danışıqları, atdıqları addımlardır. Hamısı razılaşdırılmış məsələlərdir. Belə başa düşürəm, Avropa İttifaqı, yəqin ki, Paşinyana müəyyən təzyiq göstərəcək. Onların qəbul etdiyi qərarlar, təqdim etdiyi təkliflər – hansı ki Azərbaycanın ərazi bütövlüyü, sərhədləri tanınmalıdır, dəhlizlər açılmalıdır, Qarabağ məsələsi Azərbaycanın daxili məsələsdir, orada yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər – bütün bu məsələlər həll olunmalıdır. Biz bunu dəstəkləyirik, cənab Prezidet də mövqeyini açıq şəkildə bildirib”.
V.Əhmədov deyib ki, Qarabağdan rus sülhməramlılarının vaxtından əvvəl çıxarılması mümkündür: “Niyə mümkün deyil? Hər şey mümkündür. Onların Qarabağa gəlməsi bizim üçün böyük problem yaratdı. Onda müəyyən qədər şərait başqa idi, cənab Prezident icazə verdi. Amma sülhməramlılar 2020-ci il 10 noyabr sazişinin heç bir bəndinə əməl etmədilər. Faktiki olaraq Ermənistanla bir yerdə Qarabağda vəziyyəti daha da gərginləşdirməklə məşğuldurlar. Bu yola əl atacaqlarsa, “dəmir yumruq” işə düşəcək, məcbur olacaqlar ki, Qarabağdan çıxıb getsinlər. Başqa yolu yoxdur. Hesab edirəm, artıq anti-terror əməliyyatlarına başlamaq lazımdır. Çünki sülhməramlılar Qarabağdan ermənilərin qeyri-qanuni birləşmələrini çıxarmır, hamısını saxladılar. Daha da möhkəmləndirdilər. Bu, rus sülhməramlılarının günahıdır, Rusiya Prezidenti də, hakim orqanları da başa düşməlidir ki, sülhməramlılar çox böyük səhvə yol verdilər”.