Siyasət 13 Mart 2023, 15:39 | Baxış sayı: 195
"İran 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın yanında olub"

"Bir neçə gün öncə İran İslam Respublikasına məxsus hərbi təyyarənin fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirməsi yaxşı hal deyil". 

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. 

Deputat bildirib ki, sərhəd boyunca qırıcı təyyarələrin qaldırılması təhdid kimi də qəbul edilə bilər:

"Bununla əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi müəyyən bəyanatlar verdilər. 

Ümumiyyətlə, İran müharibədən sonra sərhədlərimizdə təlimlər keçirməyə başlayıb. Daha sonra Azərbaycan-Türkiyə orada təlim keçirdilər və kənara çəkildilər. Yəni, bütün bunlar İran tərəfindən Azərbaycana edilən müəyyən təhdidlərdir. İran 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın yanında olub, bu gün də onun yanındadır. Bizimlə dostluq, qonşuluq əlaqələrini, habelə müsəlman dövlət olmağımızı tamamilə yaddan çıxardıb. Ermənistanla daha çox əlaqələr qurur və bizə də bu cür təhdidlər edirlər. 

Bir daha xatırladırıq ki, Azərbaycan öz sözünü deyib. Sərhədlərdə belə qırıcı təyyarələrin olması iki dövlət arasında münasibətləri çox çətin duruma salır. İran nüvə istehsalı ilə əlaqədər bütün dünyadan təcrid olunub. 

Ümumiyyətlə, onlar bizim İsraillə münasibətlərimizi qısqanırlar. Çünki  dostluq münasibətlərimiz var. Ona görə də belə hallar gözlənilən idi. Ancaq belə hallar olmamalıdır, çünki onlar da müsəlman dövlətdir, biz də. Dövlət başçımız hər zaman çalışır ki, öz xarici siyasətində dövlətlərlə normal münasibətlərimiz olsun".
 

Xəbərlər