İqtisadiyyat 17 Aprel 2023, 14:31 | Baxış sayı: 196
“İnsanlar məcbur olub bir parça çörək üçün Bakıya köçür”

"Bu gün ölkədə "xalqın güzəranı yaxşıdı" deyə bilmərəm. Çünki mən insanlarla təmasda olan millət vəkiliyəm. Ötən gün Qubada 106 adam qəbul etmişəm. Onlar mənə torpaqla, məhkəmə sistemi ilə əlaqədar və s. müraciət ediblər. Amma həyat şəraitinin pis olması, işsizliklə əlaqədar müraciət edənlərin sayı daha çoxdur. Təəssüf ki, biz regionlarda işsizlik məsələsini hələ də bir dövlət olaraq həll edə bilməmişik”.

Demokrat.az
 xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vahid Əhmədov bloger Mehman Hüseynovunun suallarını cavablandırarkən deyib.

Deputatın sözlərinə görə, indi Azərbaycanda camaat daha çox şəhərə meyil göstərir:

“Ölkəmizdə urbanizasiya proqramı da var. Bu proqram Azərbaycanda faktiki olaraq yaxşı yerinə yetirilmir və ona görə də insanlar məcbur olub bir parça çörək üçün Bakıya köçüb gəlir. Biz çalışmalıyıq ki, regionlarda iş yerləri açılsın. İkincisi də, insanlara iş qurmaq üçün fabrik, sexlər və s. açılmalı, kənd təsərrüfatı üçün onlara maliyyənin əlçatanlığını təmin etmək lazımdır. Yəni, əgər kredit 15-20 faizə verilirsə, həmin şəxs heç vaxt onu gəlib götürüb özü üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olmayacaq. Biz mütəmadi olaraq toxunuruq ki, kredit faizləri kifayət qədər yüksəkdir. Elə etmək lazımdır ki, insanlar krediti götürüb gedib özü üçün təsərrüfat qura bilsinlər. Yəni, bu problemlər var. Ailənin dolanışığı ilə əlaqədar problemlər də var və bunu inkar etmək olmaz, Amma demək ki, hökumət işləmir, düzgün deyil. Kifayət qədər tədbirlər var. Koronavirus dövründə vəziyyət lap ağır idi, iş yerləri yox idi. Onda dövlət faktiki olaraq çox böyük köməkliklər etdi. Düzdür, məbləğlər böyük deyildi. Ancaq sahibkarlarla əlaqədar İqtisadiyyat Nazirliyi kifayət qədər böyük vəsaitlər ayırdı. Əlbəttə, bu, kifayət deyil. Necə ki, bu gün pensiya, əmək haqları da, bir çox sahələrdə alınan məbləğlər də kifayət deyil. İctimai işlərdə işləyən insanların verilən 300 manat da kifayət deyil".

Vahid Əhmədov bildirib ki, istər millət vəkili, istər iqtidar nümayəndəsi bizneslə məşğul olmamalıdır:

"Mən həmişə demişəm, bizneslə məşğul olmaq istəyirsənsə, dövlət vəzifəsindən get, bizneslə məşğul ol və orada nə istəyirsən qazan. Amma dövlət vəzifəsində oturanda dövlətin qanunlarına riayət etmədən gedib bizneslə məşğul olursan, yəni sən bu kreslodan istifadə edirsən. Ona görə də bu, yolverilməzdir. Ümumiyyətlə, 10 ildən çoxdur deklarasiya ilə əlaqədar qanun qəbul etmişik, o cümlədən dövlət başçısı göstəriş verib. Nazirlər Kabineti bununla bağlı normativ sənəd hazırlayıb. Bu gəlir deklarasiyası olmayana qədər belə anlar baş verəcək".

Vahid Əhmədov "Milli Məclisdə uzunmüddət deputat olanlara necə baxırsınız?" sualını isə belə cavablandırıb: 

"Milli Məclisdə 30-40 il də oturmaq olar, amma bir şərtlə ki, sən xalqın mənafeyini müdafiə edəsən, olan nöqsanları və onun çıxış yollarını göstərəsən. Burada nə var? Cavan deputatın təcrübə toplaması o qədər asan məsələ deyil. Milli Məclis siyasət meydanıdır. Ona görə də, burada yaşlı, cavan olmağından asılı olmayaraq, yaşlı insanlara qiymət vermək lazımdır. O ki, qaldı bəzi deputatlar danışmırlar məsələsinə, onların öz motivləri var. Mənim 76 yaşım oldu. Mən 20 ildən çoxdur, hətta sovet vaxtında Ali Sovetin deputatı olmuşam, o vaxtı da danışırdım, indi də. Mən olan nöqsanları da deyirəm, təkliflərimi də verirəm. Heç kim bu vaxta qədər bir dəfə də deməyib ki, sən niyə bunu dedin. Mən dövlət mövqeyində dayanan adamam. Gərək hərəkətinə də, danışığına da fikir verəsən. Çünki sənin danışığını beynəlxalq aləm də izləyir. 

Siyavuş Novruzov da açıq danışan adamdır. Xalqın problemləri ilə bağlı fikirlərini deyir. Co Bayden niyə ABŞ-ın prezidentdir? Dünyanın bir nömrəli dövlətidir. Bir müəllimin yetişməsi üçün 10 il vaxt lazımdır. İndi müəllimə deyirlər ki, 65 yaşın varsa, işləyə bilmərsən. Cavan müəllim gəlir, amma onun qədər işləyə bilmir. Ağılı, tərbiyəni şagirdlərə, tələbəyə verə bilmir, yəni belə faktlar var".

Xəbərlər