Siyasət 27 Sentyabr 2023, 16:27 | Baxış sayı: 141
"İnsanlar Anım Gününü həm də zəfər günü kimi qeyd edirlər"

"ATƏT-in Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində həm  işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəsləmiş, məsələnin həllinə yox, dondurulmasına çalışmışdır. Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Digər bir mötəbər beynəlxalq təşkilat, BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi uzun illər kağız üzərində qalmış və icra olunmamışdır. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur".

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

Millət vəkili qeyd edib ki, uzun illər ərzində Ermənistan işğalçı siyasətini davam etdirmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdir. Azərbaycana qarşı diversiyaları davam etdirmiş, erməni siyasətçiləri xalqımıza qarşı aşağılayacı və təxribatçı bəyanatlar vermişlər.  2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəvrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq. Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Anım Günü ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 27 sentyabr Anım Günündə bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir.»

K.Bayramov vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Dövlətimiz hər zaman qazi və şəhid ailəsinin yanındadır. 

Deputat  diqqətə çatdırıb ki, Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərdi. İnformasiya cəbhəsində Ermənistanın bütün təbliğatının üzərindən dünyanın aparıcı media qurumlarına müsahibələri ilə xətt çəkdi: «Bu müharibə dövründə 30-a yaxın müsahibə vermişəm. Ömrümdə bəlkə də bu qədər müsahibə verməmişəm …o müsahibələrdə demişəm ki, biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq, biz beynəlxalq hüququ müdafiə edirik, biz ədaləti müdafiə edirik, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik. Demişdim ki, bizim bütün addımlarımız beynəlxalq hüququn norma və prinsipləri əsasında, əxlaq əsasında görülüb və bütün addımlarımız bu istiqamətdə atılıb. İntiqamımızı düşməndən aldıq, işğalçıdan aldıq. Mülki vətəndaşlarla bizim işimiz olmayıb və olmayacaq. Düşmənin məskunlaşdığı, gizləndiyi şəhərlərdə böyük dağıntılar yoxdur. Çünki biz mülki obyektlərə atəş açmamışıq. Bax, bizim fərqimiz bundan ibarətdir».

K.Bayramov əlavə edib ki, Ermənistanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın öhdəliklərinə laqeyd yanaşması, onların icrasına maraq göstərməməsi, sülh müqaviləsinin imzalanması prosesinin uzanması üçün mütəmadi təxribatlar törətməsi vəziyyətin daha da gərginləşməsinə səbəb oldu. Azərbaycanı antiterror tədbirləri görməyə qarşı tərəf məcbur etdi. Cari ilin sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanıb. Məhz elə bu səbəbdən də lokal xarakterli antiterror tədbirlərin görülməsi qaçılmaz oldu. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da müvafiq şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunmuşdur. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi  Azərbaycanın növbəti Qələbənin təntənəsidir. Bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Çünki kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər. Dövlət başçımızın bildirdiyi kimi, ölkəmiz bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur. Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq.  Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan birgəyaşayış təklifidir. Cənubi Qafqazda yeni reallıq yaranacaq, uzunmüddətli sülh yaranacaq. Biz əmin olmalıyıq ki, qarşı tərəf revanşist fikirlərlə yaşamır və onlar da əmin olmalıdırlar ki, bizim onların torpağında gözümüz yoxdur. Biz onların ərazi bütövlüyünü tanıyırıq və bunu bəyan etmişik, bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq.

news24.az

Xəbərlər