Cəmiyyət 18 May 2023, 16:33 | Baxış sayı: 374
"İnsanlar "1XBET", "Mosbet" kimi qanunsuz qumar oyunlarından çəkinməlidir"

"Qanunsuz şans oyunlarına münasibətim birmənalı olaraq mənfidir. Orada proqram elə qurulub ki, uduş etmək mümkün deyil. Oynayan şəxs mütləq orada uduzacaq".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Aydın Mirzəzadə bildirib ki, müxtəlif internet resursları vasitəsilə xaricdən Azərbaycan vətəndaşlarına təklif olunan cəlbedici qumar oyunları əslində böyük tələdir. 

Onun sözlrinə görə, bu cür oynlar insanları dərin uçuruma yuvarlayır:

"Şans oyunlarına girən insan fikirləşir ki, bir dəfə, iki dəfə uduzmuşam, eybi yox, növbəti dəfələrdə uduzduğumu artıqlaması ilə geri alacam. Əslində isə o böyük bir bataqlığa batır. Hər dəfə o yalançı uduş perspektivləri onun bütün imkanlarını əlindən alır. Belə oyunlar insanları halal qazandığı puldan edir, ailələrin dağılmasına səbəb olur. Ailənin imkanlarını heçə endirir. Ailələr dağılır, ər və arvad münaqişəsi yaranır, nəticədə onların boşanması baş verir". 

Deputat çağırış edib ki, insanlar "1XBET", "Mosbet" kimi qanunsuz qumar oyunlarından çəkinməlidir:

"Bu cür qumar oyunlarının axırı yoxdur. Ancaq halal zəhmətlə qazanmaq və daha çox qazanmaq üçün halal yolları fikirləşmək lazımdır. Mən hər bir kəsi belə oyunlardan uzaq durmağa çağırıram".

Qeyd edək ki, Azərbaycanda qanuni mərc və lotereya oyunları müvafiq qaydada dövlət tərəfindən tənzimlənir. Lotereyaların təşkili və keçirilməsi “Lotereyalar haqqında” qanunla və həmin qanun əsasında qəbul edilən qaydalar, habelə “Azərlotereya” ASC-nin daxili siyasəti və prosedur sənədləri əsasında tənzimlənir. Qanunla müəyyən edilən zəruri şərtlər qaydalarda ətraflı şəkildə açıqlanır və “Azərlotereya”nın daxili sənədləri ilə şirkətin fəaliyyəti qanunvericiliyin tələblərinə tam uyğunlaşdırılır.


Xatırladaq ki, “Azərlotereya” ASC “Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2001-ci il tarixli 599 saylı fərmanı ilə yaradılıb və həmin fərmanla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Azərlotereya” ASC-nin təsisçisi kimi müəyyən edilib. 

“Lotereyaların təşkili və keçirilməsi Qaydası”na uyğun olaraq keçirilmiş ani lotereyaya dair hesabatlar səlahiyyətli orqana təqdim olunur və məlumatlar təhlil edilərək lotereyaların qanuna uyğun keçirilməsinə nəzarət edilir. Qanunvericiliyə uyğun olaraq oyunları keçirilən zaman təşkilatçı haqqında məlumat verilir, lotereyanın adı, keçirilmə forması, keçirilmə müddəti, uduş fondu, uduşlu biletlərin sayı, uduşların verilmə müddəti və s. məlumatlar göstərilir. Lotereyaların təşkili və keçirilməsinə nəzarət təşkilatçı tərəfindən təqdim edilmiş hesabatlar və müvafiq dövlət qurumu tərəfindən yoxlamalar əsasında həyata keçirilir.

Qaydalardan göründüyü kimi Azərbaycanda qanuni formada keçirilən şans oyunlarına dair ciddi tələblər var və bu oyunların keçirilməsinə dövlət nəzarəti təmin edilib. Oyun iştirakçılarının mənafeyi və haqları qanunla qorunur. Amma qeyri-qanuni keçirilən oyunlarda iştirakçılara hər hansı təminat yoxdur və bu oyunlarda iştirak edənlərin manafeyi müdafiə edilmir.

Xəbərlər