Cəmiyyət 12 Avqust 2022, 18:21 | Baxış sayı: 55
"İndiki vəziyyətdə xaricdə qiymət artımı olduğu halda, burada bahalaşmanın qarşısını almaq mümkün deyil".

“Azərbaycanda internet tariflərinin bahalaşmasının keyfiyyətə təsir göstərəcəyi labüddür. Çünki hər yerdə internetin sürəti ilə qiymətlər uyğunlaşır. Bu, təkcə bizim ölkəmizdə olan məsələ deyil. Bunun dünya ilə bağlılığı var. Kənd təsərrüfatı, ərzaq və digər məhsulların qiymətlərində bahalaşma müşahidə edirik. Avtomatik olaraq internet tariflərində də bahalaşma olmalı idi. Çünki enerji daşıyıcılarının qiymətləri artırsa, yeni sistemin qurulması xərc tələb edir. Ləvazimatların çoxu da xaricdən gəlir. İndiki vəziyyətdə xaricdə qiymət artımı olduğu halda, burada bahalaşmanın qarşısını almaq mümkün deyil. Ən əsas şərt keyfiyyətin yaxşı olmasıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

 

Deputat Azərbaycanda digər ölkələrə nisbətən bahalaşmanın daha çox olması ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib: “Mən bir çox ölkələrlə bu müqayisəni aparmışam. Rusiya, Gürcüstan və digər Şərqi Avropa ölkələrinin hər birində kifayət qədər qiymətlər artıb. Ola bilər, kimsə bizdə artıma uyğun olaraq öz təşəbbüsü ilə qiyməti daha da artırır. Məsələ ondan ibarətdir ki, xaricdən daxil olan malların qiyməti artıb, eyni zamanda müəyyən ölkələrin valyutası ilə dollar arasında fərq də kifayət qədər yüksəkdir. Həmin ölkələrdən daxil olan məhsullar avtomatik olaraq baha vəziyyətdə gətirilib təqdim edilir. Operativ tədbirlər görən ölkələr iqtisadi böhrandan az ziyanla çıxır. Əks halda, ziyan qaçılmazdır. Azərbaycan dünyada gedən iqtisadi böhrandan ehtiyatla, çox ziyan vermədən çıxıb. Nəzərə almalıyıq ki, hazırda Rusiya-Ukrayna arasında müharibə gedir, quru sərhədlərin bağlı olmasına görə daşımalarda problemlər var və s. Təbii ki, bütün bunlar qiymətlərə də təsir göstərir”.

Xəbərlər