Siyasət 13 Sentyabr 2023, 15:09 | Baxış sayı: 115
“İlk humanitar yükün Xankəndiyə çatdırılması “blokada” nağılını puç etdi”

“Artıq ərzaq və qeyri-ərzaq yüklərini daşıyan TIR Ağdam-Xankəndi yolu ilə Xankəndiyə çatıb. Bu, sevindirici haldır, qələbədir. Əsas məsələ odur ki, Azərbaycan öz istəyinə nail oldu, verdiyi təklifi həyata keçirə bildi”.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov deyib. Onun sözlərinə görə, hazırkı vəziyyət göstərir ki, separatçı rejimin hərbi təminatı heçə enir:

“Yəni Ağdam-Xankəndi yolu ilə Qarabağa ancaq humanitar yüklərin daşınması mümkündür. Bir müddət öncə Azərbaycanın səlahiyyətli şəxsləri tərəfindən Laçın-Xankəndi yolu ilə də humanitar yüklərin daşına biləcəyi şərtləndirilmişdi. Düşünürəm ki, Azərbaycan öz vədinə sadiq qalaraq, bunu da təşkil edəcək, amma həmin yüklərin sərhəd və gömrük prosedurları tətbiq edilməklə buraxılması mümkün olacaq.

Digər bir məqam ondan ibarətdir ki, Ağdam-Xankəndi yolunun açılması və artıq ilk yükün Xankəndiyə çatdırılması ermənilərin uydurduğu “blokada” nağılını puç etdi. Beləliklə, qarayaxma kampaniyasına son qoyuldu.

 

İlk yük maşınının Xankəndiyə çatdırılması Qarabağda yaşayan erməniəsilli sakinlərin Azərbaycan cəmiyyətinə inteqrasiyası yolunda ilk və vacib addımlardan biri hesab olunmalıdır. Bu, yaxşı haldır, çünki bizim qarşımızda digər müəyyən vəzifələr də durur. İndi Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərə onların vasitəsilə humanitar yük çatdırılması olduqca müsbət haldır. Amma biz bundan sonra çalışmalıyıq ki, Azərbaycanın göndərdiyi yüklər də həmin yoldan buraxılsın və Azərbaycanın nəzarəti ilə Xankəndiyə çatdırılsın. Yaxın gələcəkdə buna da nail olacağıq.

Ağdam-Xankəndi yolu alternativ yoldur, ən optimal marşrutdur. Artıq ermənilər bu müsbət təcrübəyə əsaslanıb, humanitar yüklərin Xankəndiyə çatdırılmasına maneə törətməməlidirlər”.

Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycan Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə yardım edilməsi qərara alınıb.

Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu bir yük avtomobili Ağdam-Əsgəran yolu vasitəsilə Xankəndi şəhərinə çatdırılması üçün sentyabrın 9-da Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, “Samur” sərhəd-buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçib. Avtomobil bu gün səhər saatlarında Ağdam-Xankəndi yolundan keçərək, Xankəndiyə çatıb.

oxu.az

Xəbərlər