Plenar iclaslar 26 Aprel 2022, 16:04 | Baxış sayı: 301
“İlk dəfə Hesablama Palatasının fəaliyyəti 10 indikator əsasında qiymətləndirilib”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən bu il ilk dəfə olaraq palatanın fəaliyyəti barədə hesabatı daha peşəkar və əhatəli qiymətləndirmək üçün 10 indikator işlənib hazırlanıb.

APA-nın xəbərinə görə, bunu komitənin sədri Tahir Mirkişili bildirib.

Həmin indikatorlar aşağıdakılardır:

- Palatanın fəaliyyətində “Hesablama Palatası haqqında” qanundan irəli gələn vəzifələrin icrasının vəziyyəti;

- Hesablama Palatasının fəaliyyətində ISSAI standartlarının tətbiqi səviyyəsi;

- Pre-audit araşdırmaların ümumi fəaliyyətdə xüsusi çəkisi;

- Ümumi audit içərsində performans auditin payı;

- Elektron auditin ümumi audit yoxlamalarında payı;

- Audit hesabatlarının ətraflı, inandırıcı, doğru zaman, balansılılıq və anlaşıqlılıq səviyyəsi;

- Əvvəlki hesabatlarda tövsiyyələrin qəbul olunma səviyyəsi;

- Aşkar edilən pozuntuların ümumi fiskal dövriyyədə payı;

- Hesabatların əlçatanlıq və ictimaiyyət üçün əlçatanlıq səviyyəsi;

- Kadr potensialının gücləndirilməsi və peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi.

T. Mirkişili qeyd edib ki, hesabatda əks olunan məlumatlar, Komitə iclasında hesabatın təqdimatı və çıxış edən deputat həmkarlarımın çıxışları əsasən indikatorlar üzrə qiymətləndirilmiş və ümumi rəy formalaşıb. Palatanın fəaliyyətindəki güclü və zəif tərəflərin hesabatda əks olunması bu istiqamətdə açıq və səmərəli müzakirələrin aparılmasına şərait yaradıb: “Apardığımız təhlillər göstərir ki, Palatanın qanunvericiliklə müəyyən edilmiş vəzifələrinin icrası vəziyyəti barədə məlumatlar Hesabatda əks etdirilib və bu vəzifələrin icrası zamanı aidiyyəti beynəlxalq prinsip və standartlara, xüsusilə də İSSAİ standartlarına istinad edilib. Hesablama Palatası fəaliyyətində pre-aditlərə də yer ayırsa da, onların ümumi fəaliyyətdə xüsusi çəkisi aşağı olub. Ümumiyyətlə hesab edirik ki, bütün xərclər üzrə məlumatların toplanması və idarə olunması effektiv və hədəfli audit üçün mühüm rol oynaya bilər. 2021-ci ildə palata performans auditlərinin sayını 1-dən 4-ə qədər artırıb və bu audit növünə diqqət yetirməyə başlayıb. Biz bunu yüksək təqdirə layiq hal edirik. Eyni zamanda bu audit növünün ümumi audit növləri arasında xüsusi çəkisinin 9%-ə yaxın olmasını da aşağı göstərici kimi qeyd etmişik.

Hesabat ilində palatanın fəaliyyətinin 70% rəqəmsallaşması təqdirə layiq haldır. İT alətlərdən istifadə etməklə elektron auditin, yəni toplanan maliyyə və digər məlumatların avtomatik yoxlanılması sahəsində görülən işləri də müsbət qiymətləndirməklə yanaşı bu sahədə xeyli işlərin də görülməli olduğunu qeyd etmək istərdim. İl ərzində palata tərəfindən təqdim edilmiş audit hesabatlarının ətraflı, inandırıcı olduğunu, balanslılıq və anlaşıqlılıq səviyyəsinin yüksək olduğunu qeyd etmək istərdim. Ümumiyyətlə bu sahədə palata daim yeniliklər tətbiq edir. Müntəzəm olaraq çap edilən “Dövlət Auditi” jurnalında audit hesabatların çap edilməsi ictimai əlçatanlığın yüksək səviyyəsini təmin etməkdədir.

Hesabatda kadr hazırlığı məsələsində beynəlxalq əməkdaşlıq modellərinə geniş yer ayrılmasını təqdirə layiq hal hesab edirik. Çünki, peşəkarlıq səviyyəsini daim artırılması qısa müddətdə nəticəliliyin əsas şərtidir”.

Xəbərlər