"İdxaldan asılılıq növbəti dövrlərdə də qala bilər".
Vüqar Bayramov deyib ki, Azərbaycan bir sıra ərzaq məhsulları üzrə ümumi tələbin müəyyən hissəsini idxal hesabına ödəyir: “Dünya bazarında müşahidə edilən qiymət artımları da məhz həmin məhsulların idxal xərcinin və daxili bazarda xaricdən gətirilən ərzaq məhsullarının qiymətinin artmasına gətirib çıxarır. Bu baxımdan “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da əsas hədəflər minimum istehlak səbətinə daxil olan ərzaq məhsulları üzrə tələbin tam olaraq yerli istehsal hesabına ödənilməsi ilə bağlıdır. Təbii ki, minimum istehlak səbətinə daxil olan bəzi məhsullar üzrə idxaldan asılılıq növbəti dövrlərdə də qala bilər. Amma məqsəd bütövlükdə idxalın istehlakda payının azaldılması və bununla da idxal inflyasiyasının təsirlərinin minimallaşdırılmasına nail olmaqdır. Digər tərəfdən, Azərbaycan qabaqlayıcı addımlarla dünya bazarında taxıl qıtlığı və taxılın qiymətinin artmasının istehlak bazarına təsirlərini minimumlaşdıra bildi. O da nəzərə alınmalıdır ki, bu gün dünyada olan ən ciddi problemlərdən biri taxıla tələbatın ödənilməsidir. Xüsusən Yaxın Şərqdə və Şimali Afrikada taxıla tələbin ödənilməsində çətinliklər var. O cümlədən inkişaf etmiş ölkələrdə taxılın qiymətində artımlar müşahidə olunub”.
Deputat qeyd edib ki, Azərbaycan taxıl qıtlığının istehlak bazarımıza təsirinin minimallaşdırılması üçün qabaqlayıcı, preventiv addımlar atdı: “Yanvar ayında taxıl idxalının 4 dəfə artırılması da birbaşa məhz qabaqlayıcı tədbirlərlə bağlı idi. Bu, taxıla tələbatla bağlı potensial çətinliklərin aradan qalxmasına imkan verdi”.
Vüqar Bayramov hesab edir ki, taxıla tələbatın ödənilməsi baxımından işğaldan azad olunan ərazilərin böyük potensialı olacaq: “Artıq bu potensialdan istifadə olunmağa başlanılıb. Uzun müddət Ermənistan həmin ərazilərdə qanunsuz əkin aparıb, resurslarımızı mənimsəyib. Artıq Azərbaycan həmin əraziləri işğaldan azad edib. İlkin qiymətləndirmələrə görə, həmin ərazilərimizdə əkin torpaq fondu 200 min hektardır. Onun 100 min hektarının bu ilin sonuna qədər tamamən minalardan təmizlənməsi gözlənilir. Bu da imkan verəcək ki, taxıl da daxil olmaqla, bir sıra strateji ərzaq məhsullarına tələbin ödənilməsində işğaldan azad olunmuş ərazilərimizin payının artırılmasına nail olmaq mümkün olsun”.
Mənbə: APA.AZ