Cəmiyyət 29 Sentyabr 2021, 14:27 | Baxış sayı: 230
"Həssas qrupdan olan əhalinin problemləri çoxdur. Amma onların hamısını birdən həll etmək mümkün deyil".

“Son vaxtlar Prezident icra başçıları ilə onlayn görüşlərdə öz tövsiyə və tapşırıqlarını verir. Onları həmişəki kimi xalqla bir olmağa, vətəndaşın yanında olmağa çağırır. Müqayisə edəndə son vaxtlar icra başçıları ilə bağlı xaotik vəziyyət sabitləşib. Amma problemlər, xalqı incidənlər hələ də özbaşınalıqlarına davam edirlər".

Bunu Modern.az-a müsahibəsində deputat Vahid Əhmədov deyib.

"Neçə icra başçısı həbsdədir, hətta sağlıq durumu yaxşı olmayanlar, türmədə rəhmətə gedəni də var. Artıq başa düşməlidirlər ki, zaman dəyişir, tələbat dəyişir. İcra başçılarına olan mövqe da sərtdir. O mənada sərtdir ki, ümumiyyətlə onların qarşısına qoyulan tələb təmiz, şəffaf işləmələrilə bağlıdır”.

Parlamentari hesab edir ki, mövcud problemləri kökündən həll etmək üçün vahid struktur yaradılmalıdır:

“Yerlərdəki icra hakimiyyətləri, bələdiyyələr vahid strukturda birləşməlidir. Ya bələdiyyələri, ya da İcra Hakimiyyətlərini saxlamaq lazımdır. Bələdiyyələr faktiki olaraq, İcra Hakimiyyətlərinin bir şöbəsi kimi fəaliyyət göstərə bilər. Yaxud a Türkiyə variantından istifadə edib, oradakı kimi bələdiyyələrin səlahiyyətləri genişləndirilməlidir ki, işləsinlər.  

Hazırda işğaldan azad olunmuş ərazilərin İcra Hakimiyyətlərilə yanaşı, bölgədə Prezidentin xüsusi nümayənələri də çalışır. Bu isə qeyd edilən yerlərdə görüləcək işin çoxluğu ilə bağlıdır. Xüsusi nümayəndələr birbaşa Prezident Administrasiyasına tabedir və ölkə başçısı bütün işlərə şəxsən nəzarət edir. Məhz bunun nəticəsində 1 il ərzində işğaldan azad edilmiş ərazilərdə çox böyük işlər görülüb.

Ümumilikdə Qarabağda həyat tam bərqərar olduqdan sonra nümayəndəliklər qalacaq, yoxsa ləğv ediləcək bu Prezidentin səlahiyyətində olan məsələdir. Amma həmin ərazilər üzrə İcra Hakimiyyətləri də, aparatları da qalır. Çünki qarşıda hələ görüləcək işlər çoxdur.

Gələcəkdə çevik, operativ, proseslərə dərhal reaksiya verə bilən, sərbəst işləməyən, rayona investor cəlb etməyi bacaran struktur formalaşdırılmalıdır. Yollar, məktəblər, bağçalar, iş yerlərilə bağlı investorların cəlbi mütləqdir. Proseslərə baxış dəyişməlidir. İcra başçıları öz mülklərini, varidatını artırmaq üçün yox, xalqın rifahına, onların problemlərinin həllinə çalışmalıdırlar. Rayon icra başçılarının şəxsi mülki deyil ki, ondan hər cür istifadə etsinlər”.

Deputat deyib ki, yerlərdə ən çox şikayət torpaq, torpağın bölüşdürülməsi, rüşvət halları ilə bağlıdır:

“Sahibkarlar, bələdiyyələr, icra nümayəndələri, vətəndaşlar rayon rəhbərlərinin hansısa işin görülməsi müqabilində rüşvət tələb etdiyini bildirirlər. Hətta şəhid ailələrini incidənlər də var. Həssas qrupdan olan əhalinin problemləri çoxdur. Amma onların hamısını birdən həll etmək mümkün deyil. Təbii ki, bunlar təkcə icra başçısından asılı məsələ deyil. Amma istənilən halda, şəhid ailələrini, qaziləri incitmək olmaz. Əgər məsələ sənlik deyilsə, müvafiq quruma yönləndirməlisən. Bu, hamımızın borcudur”.

Xəbərlər