"Hökumət quru sərhədlərin açılmasını hələ zəruri hesab etmir".
“Naxçıvana quru yol olmadığına görə vətəndaşlar yalnız hava yolundan istifadə edirlər. Ona görə də təyyarə biletlərinin qiymətinin 60 manata qədər artırılması düzgün deyil. Çünki gediş-gəliş çətinləşir. Naxçıvana reyslərin artırılması vacibdir. Yaydır, tətil vaxtıdır. Elə insanlar var ki, ailə üzvlərinin bir hissəsi Naxçıvandadır və yay tətilində məktəbli uşaqlarını oraya aparmaq istəyirlər. Pandemiya ilə əlaqədar quru sərhədi yalnız Türkiyə ilə Naxçıvan arasındadır. Vətəndaşlar da burdan Naxçıvana uçub, Türkiyəyə quru sərhədlə keçirlər. Bu səbəbdən Naxçıvana getmək istəyənlər həddən artıq çoxdur. Bunu bir neçə reyslə çatdırmaq mümkün deyil. Həm reyslər artırılmalı, həm də biletlərin qiyməti aşağı salınmalıdır".
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, biletlərin bahalaşmasının səbəbi hələ də açıqlanmayıb: “Dəfələrlə Milli Məclisdə bu məsələ qaldırılıb. Təkcə Naxçıvana deyil, bütün istiqamətlərə təyyarə biletlərinin baha olmasına etiraz edilir. Yəqin ki, bununla bağlı hər hansı açıqlama verilər”.
S.Novruzov Nazirlər Kabinetinin ötən gün açıqladığı yeni qərarda quru sərhədlərin açılması məsələsinin əksini tapmamasına da münasibət bildirib: “Azərbaycanda pandemiyanın qarşısı alınıb, demək olar, tam aradan qalxıb. Lakin başqa ölkələrdə yeni növ xəstəliklər ortaya çıxır. Rusiya-Ukrayna müharibəsinin nəticəsinə görə başqa problemlər də meydana gəlir və s. Görünür, hökumət həm təhlükəsizlik baxımından, həm tibbi, sanitar-epidemiya nöqteyi-nəzərdən quru sərhədlərin açılmasını hələ zəruri hesab etmir”.