Siyasət 23 Fevral 2023, 12:54 | Baxış sayı: 123
“Heydər Əliyev ölkəmizdə demokratik, hüquqi dövlətin təməlini qoyub”

“Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü ilin «Heydər Əliyev İli» elan edilməsi ilə bağlı çoxşaxəli tədbirlər həyata keçirilir. Bu sərəncam, Heydər Əliyev epoxasının mahiyyətini daha əsaslı və sistemli şəkildə dərk və şərh etməyə, xalqımıza və dünyaya çatdırılmasına şərait yaradır. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, böyük siyasətçi ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının XX əsrdə yetirdiyi nadir dahi şəxsiyyətdir. O, müstəqil Azərbaycanın banisi, xalqımızın və dövlətimizin xilaskarıdır. Dahi şəxsiyyət bütün ömrünü Azərbaycanın bu gününə və gələcəyinə həsr etmişdi: "Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna nail olmağa  çalışıram və çalışacağam". Ümummilli lider bu fikirlərinin davamı olaraq bildirmişdir ki,  mənim üçün hər şeydən əziz mənim xalqımdır, Vətənimdir, torpağımdır”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib. Deputat qeyd edib ki, ulu öndərin irsi Azərbaycan xalqının milli-mənəvi sərvətidir:

“Ümummilli lider həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqımız, dövlətimiz qarşısında misilsiz xidmətlər göstərib. Ulu Öndər  Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxararaq ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtdı. Xalqımızın haqq işini dünya ictimaiyyətinə olduğu kimi çatdırdıraraq, respublikamız ətrafındakı informasiya blokadasını aradan qaldırdı. Ulu Öndər bildirirdi ki, əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. Dahi şəxsiyyətin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkədə sabitlik yaradıldı, Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. 1994-cü il may ayının 12-də Ermənistanla atəşkəs sazişinin imzalanması ölkədə sabitliyin yaradılmasında, torpaqlarımızın işğalının qarşısının alınmasında, eyni zamanda, digər sahələrin inkişafı istiqamətində mühüm addımların atılmasında əhəmiyyətli rol oynadı”.

Deputat diqqətə çatdırıb ki, hələ hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən geridə qalmış ölkəsindən qabaqcıl respublikaya çevirən ulu öndər Heydər Əliyevin atdığı addımların böyük əksəriyyəti Azərbaycanı gələcəkdə müstəqil, özünə güvənən qüdrətli ölkə kimi görmək istəyindən irəli  gəlirdi:

“Həmin illərdə yüzlərlə Azərbaycan gəncinin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, hərbi kadrların yetişdirilməsi məqsədilə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması və sair kimi mühüm addımlar da deyilənlərin təsdiqidir. Ulu Öndər, eyni zamanda, dövlət dilimizin himayədarıdır.  Ümummili Lider bildirmişdir: «Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir”.

Millət vəkili vurğulayıb ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra xalqın tələbi ilə hakimiyyətə qayıdan Dahi Öndər demokratik, hüquqi dövlətin təməlini qoydu:

“Ümummilli Lider hüquqi islahatlara müstəsna əhəmiyyət verərək bu məqsədlə yaradılan Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürdü və qısa müddətdə yeni müasir qanunlar və məcəllələr qəbul olundu. Ulu Öndərin dühası ilə yeni üçpilləli müstəqil məhkəmə sistemi və bu hakimiyyətdə mühüm rol oynayan Ali Məhkəmə bərqərar olunaraq fəaliyyətə başladı. Məhkəmələrə insan haqlarının qorunması ilə bağlı müstəsna səlahiyyətlər verildi, Azərbaycan postsovet məkanında qətimkan tədbiri kimi həbsin seçilməsi səlahiyyətini məhkəməyə verən və bununla da «Habeas Corpus» prinsipini tətbiq edən ilk dövlətlərdən oldu. Humanizm prinsiplərinə sadiqlik göstərilərək Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv olundu”.
K.Bayramov əlavə edib ki, Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyası o qədər böyükdür ki, onları sadalamaqla bitməz:
“Çünki bu xidmətlərin miqyasını Ümummilli Lider 2003-cü ildə xalqına növbəti inamın ünvanını göstərməklə daha da zənginləşdirdi, yeni-yeni hədəfələrə yol açdı. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqımız Heydər Əliyev siyasətinə səs verərək cənab İlham Əliyevin ətrafında sıx birləşdi. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji istiqamətlərə uyğun olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli islahatlar kursu bu gün də uğurla davam etdirilir. Artıq iki ildən çoxdur ki, tarixi Zəfərimizin sevincini yaşamaqla yanaşı, onun reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin miqyasını daha da genişləndirməklə Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın qarşısında dayanan mühüm vəzifələri həyata keçiririk. İki ildir azad Şuşamız iqtisadi, siyasi, diplomatik, mədəni mərkəz kimi dünyanın diqqətindədir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu məkandan Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırır. 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Qarabağ Azərbaycandır və nida işarəsi” son iki ildə dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza səfərləri zamanı bu məkanlardan bəyan etdiyi çağırışların əsas mahiyyətini təşkil edir”.

Xəbərlər