"Hesablama Palatası elə qərarlar qəbul etməlidir ki, dövlət orqanlarında xətalar ikinci dəfə təkrarlanmasın"
Hesablama Palatası illik iş planına uyğun olaraq, müxtəlif dövlət qurumlarında audit yoxlamaları aparır. Maraqlıdır ki, yoxlamalar zamanı çox ciddi nöqsanlar aşkarlansa da, buna adekvat tədbirlər görülmür.
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, Hesablama Palatası ildə təxminən 60-a yaxın audit aparır.
O, qeyd edib ki, keçirilən audit nəticələrinə görə, müəyyən qərarlar verilir: "Xırda məsələlər olduqda işi icra hakimiyyəti orqanlarına göndərirlər. Amma yeyinti və korrupsiya halları olarsa, hesablamanın nəticəsi Prokurorluğa göndərilir. Hüquq mühafizə orqanlarında araşdırma başlayır. Hesablama Palatası əsas ona çalışır ki, yoxlama nəticəsində üzə çıxan korrupsiya hallarını dövlət büdcəsinə ödəsin. Düzdür, ödəmələr çox azdır, biz ondan elə də razı deyilik. İldə təxminən 40-50 milyon manata yaxın ödəmə var. Ancaq mənimsəmə halları daha çoxdur”.
Onun sözlərinə görə, Hesablama Palatasının işində dəyişiklik və təkmilləşdirməyə ehtiyac var: "Hesablama Palatası ali audit orqanıdır. Azərbaycanda ondan yuxarı nəzarət orqanı yoxdur. Bu orqan birbaşa Milli Məclisin səlahiyyətinə aiddir. Ona görə də, hesabatı bizə verir. Kifayət qədər yeyinti halları olduğu üçün sərt qərarların verilməsi vacibdir. Elə olur ki, qurum bir orqanda yoxlama aparır. Bunun nəticəsində, yoxlama aparılan qurumda işdən çıxarılan, barəsində cinayət işi açılanlar da olur. Hesablama Palatası növbəti dəfə eyni qurumda audit aparır. Bu zaman yenə də, eyni xətaların təkrarlandığının şahidi olur. Bunun olmaması üçün Hesablama Palatası elə qərarlar qəbul etməlidir ki, ikinci dəfə belə hal təkrarlanmasın. Bir sözlə qurum daxilində işlər getməlidir".