Siyasət 12 Aprel 2023, 14:42 | Baxış sayı: 132
“Hesab etmirəm ki, təxribatın müəllifi Paşinyandır, bunun arxasında Rusiya və İran dayanır...”

“Ermənistanın ötən gün törətdiyi təxribat nəticəsində şəhid olan hərbçilərimizə Allah rəhmət eləsin, yaralılara cansağlığı versin. Bu təxribatın arxasında yalnız Rusiya dayanmır, həmçinin İran da var. Çünki bu iki dövlətin mövqeləri Qarabağ məsələsində faktiki üst-üstə düşür. İran Ermənistana mütəmadi yardım edir və bunu heç gizlətmir də. Aprelin 9-da Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Tehranda oldu, həmkarı ilə görüşdü. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvaya qayıdandan sonra onun müavini də Ermənistana gəldi. Hazırlıqlı iş gördülər. Çünki Ermənistanın bir dövlət olaraq öz sözü yoxdur. Onu idarə edən Rusiya və İran dövlətidir. Dövlət kimi sözü olsaydı, ümumiyyətlə, bu təxribata yol verməzdi. Bir neçə gün əvvəl müdafiə nazirinin müavini, general-leytenant Ramiz Tahirovun ABŞ-a səfərinin də bu məsələyə böyük təsiri var. Müəyyən danışıqlar, hazırlıqlar gedir, bunu Rusiya da, İran da qəbul etmir və belə təxribatlara əl atırlar. İkinci tərəfdən, Vaşinqtonda Azərbaycan Prezidenti ilə Ermənistanın Baş nazirinin may ayında görüşü gözlənilir. Dünənki təxribat bu görüşü təxirə salmaq üçün atılan addım da ola bilər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

 

Deputat bildirib ki, ümumiyyətlə, nə İran, nə Rusiya Qarabağda sülhün imzalanmasını istəyir: “İran ona görə istəmir ki, Ermənistan strateji müttəfiqidir. Qarabağ ərazisindən vaxtında kifayət qədər narkotik vasitələr, silah-sursat və s. daşıyıb. Rusiya isə hər iki dövlətə təzyiq etmək üçün istəyir ki, öz sülhməramlı kontingenti daimi Qarabağda qalsın. Bundan Azərbaycana və Ermənistana mütəmadi təsirlərdən ötrü istifadə etmək istəyir və belə bir təxribat törətdilər. Hesab etmirəm ki, dünənki təxribatın müəllifi Baş nazir Nikol Paşinyandır. Onun danışıqlarına, görüşlərinə fikir vermişəm, o, bəlkə də, çoxdan sülh sazişini imzalayardı. Daxildə Rusiyapərəst qüvvələr ona böyük təzyiqlər edir. Əlbəttə, bir tərəfdə Fransa da var, amma əsas Rusiya və İrandır. Həmişə hansısa tədbir olanda, Brüsseldə, ABŞ-da və s. yüksək səviyyəli görüş keçiriləndə belə təxribatlar törədirlər ki, görüş alınmasın. Çünki görüş sülh sazişinin imzalanması ilə nəticələnə bilər. Ona görə də belə addımlar atırlar. Doğrudur, Ordumuz onların layiqli cavablarını verir, amma ayıq olmaq lazımdır. Çünki sülh sazişinə yaxınlaşdıqca, Ordumuz irəlilədikcə, yüksəklikləri əldə etdikcə belə təxribatların şahidi ola bilərik. Azərbaycan Xankəndi də daxil olmaqla, əraziləri də öz ərazisi hesab edir, müəyyən əməliyyatlar keçirir. Sülh yolu ilə alınmasa da, Azərbaycan yumşaq metodla bu işi axıra çatdıracaq. Fikir verdinizsə, dünənki təxribatda ermənilər İran PUA-larından istifadə etdilər. Faktiki Rusiya da Ukrayna ilə müharibədə İran PUA-larından istifadə edir. Yəni İran dövləti elə təxribatlarla məşğuldur. Gah Rusiyaya silah satır, gah Ermənistana. İran Rusiya-Ukrayna müharibəsində də Rusiyanı müdafiə edir. Artıq aydındır ki, İran dövləti terror törətməkdə pərgardır. Son ayların xronologiyası da bunu göstərir. İrandakı səfrliyimizin ardından deputat Fazil Mustafa da terrora məruz qaldı. Bütün bunlar hamısı faktlardır”.

Xəbərlər