"Hazırda ölkədə əlillik təyinatı almış vətəndaşlarla bağlı islahatlar davam etdirilir".
"Hazırda ölkədə əlillik təyinatı almış vətəndaşlarla bağlı islahatlar davam etdirilir. Əlillik təyinatının saxta yollarla təyin edildiyi aşkara çıxanların sosial müavinətləri kəsilir. Həmçinin ölkədə əlillik təyinatının aparılması ilə bağlı yeni normativlər də müəyyən edilir. Əlilliyi olduğu halda pensiyası kəsilən vətəndaşlar isə şikayətləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilərlər".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Parlament üzvü bildirib ki, bir sıra hallarda səhvən və yaxud da başqa səbəblərdən də əlillik təyinatı ləğv edilə bilər: "Ona görə də vətəndaşlar məsələni dəqiqləşdirmək üçün aiddiyatı üzrə müraciət edərək dəqiq cavab ala bilərlər. Belə olan halda xüsusi komissiya tərəfindən yenidən yoxlama aparılır. Ümumiyyətlə, bu islahatların keçirilməsində məqsəd sırf həqiqi əlilliyi olanların dövlət tərəfindən təmin olunmasıdır. Səhv etmirəmsə, Azərbaycanda təxminən bir milyon əlilliyi olan vətəndaş var. Şahidiyik ki, dövlət həqiqi əlilliyi olan hər kəsə yardım göstərir. Saxta əlilliyin ləğvi, yəni qaydaların müəyyənləşdirilməsi istiqamətində bir sıra islahatların aparılması təkcə Azərbaycana deyil, dünya ölkələrinə xasdır".