"Haradan tapaq bir milyon manatı ki, bağça tikək?"
“İmişli rayonu, Xəlfəli kəndinin uşaq bağçası bərbaddan da bərbad gündədir. Yaponiya səfirindən də xahiş etdik. Onlar o bağçanın tikintisi üçün 80 min dollar civarında pul ayırıb. Elm və Təhsil Nazirliyi deyir ki, tikilən bağçalar gərək Nazirlər Kabinetinin təsdiq etdiyi standartlara uyğun olsun. Haradan tapaq bir milyon manatı ki, bağça tikək? Onda zəhmət çəkib gedib özləri standartlara uyğun bağça tiksinlər”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, Elm və Təhsil Nazirliyinin aidiyyəti şöbəsi ilə danışıb, xeyri olmayıb: “Nazir müavini ilə danışdım, xeyri olmadı, sonda cənab nazirlə danışdım və sağ olsun ki, yarım saatdan çox bir-birimizə kimin haqlı olduğunu sübut etməyə çalışdıq. Mənə İmişli və digər rayonlarda standarta uyğun bir bağça göstərsinlər, mən çəkilirəm kənara. Qoy uşaqlar hələ 10 il bundan sonra da o bərbad və acınacaqlı uçuq daxmada uşaqlıqlarını məhv etsinlər. Mən nazirliyin yanaşmasını qətiyyətlə rədd etməklə bərabər bu məsələnin və buna bənzər həllini gözləyən digər problemlərin həllini tələb edirəm.
Bizim həm də borcumuzdur ki, gördüyümüz narahatlıqları həll etməyə çalışaq ki, ölkəmizdə xain qüvvələr bu kimi problemlərdən yararlanıb ölkəni xaosa sürükləyə bilməsinlər”./APA