Siyasət 14 Avqust 2023, 11:38 | Baxış sayı: 122
“Görünür onların növbəti yumruğa ehtiyacları var”

“Ermənistanın BMT Təhlükəsizlik Şurasına müraciət etməsi onların Qarabağ məsələsindəki son nəfəsidir. Çünki vəziyyət Azərbaycanın xeyrinə dəyişib və artıq bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, hətta Ermənistan dövləti belə”.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

O, rəsmi İrəvanın Qarabağdakı “humanitar fəlakət” ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət etməsinin pərdəarxası məqamlarına toxunub.

V. Əhmədov hesab edir ki, Ermənistan nə qədər tez sülh müqaviləsini imzalasa, vəziyyəti bir o qədər yaxşı olacaq:

“Başa düşürəm, Nikol Paşinyan sülh müqaviləsini imzalamaq istəyir, amma çəkinir, qorxur. Çünki bu tərəfdən Rusiya və İran var ki, onu hakimiyyətdən devirə bilərlər. Ona görə də erməni nazir bu kimi ciddi addımlar atmaq istəmir. İkincisi isə bu, erməni xislətidir ki, onlar daim oynamağı seviblər. Amma son vaxtlar aparılan danışıqlarda Azərbaycanın mövqeyi faktiki olaraq dəstəklənib, rəsmi Bakının irəli sürdüyü şərtlər qəbul olunub. Bu da Ermənistana sərf etmir və ona görə onlar hay-küy qoparıb atəşkəsi pozaraq vəziyyəti gərgin saxlamağa çalışırlar ki, bəlkə bölgəyə əlavə qüvvələr cəlb olundu”.

Millət vəkili xatırladıb ki, təxminən 10 gün bundan qabaq Türkiyə Prezidenti cənab Ərdoğan qeyd etdi ki, Rusiya sülhməramlı kontingenti 2025-ci ildə Qarabağdan çıxacaq:
“Vaxta da bir şey qalmayıb. Bu sahədə çox ciddi irəliləyişlər var deyə ermənilər bunu qəbul etmək istəmir. Onlar elə bilir ki, vaxt onların xeyrinə işləyir, amma bu belə deyil. Ermənistan vaxtında lazımi addımları atsaydı, bu gün transmilli layihələrin heç birindən kənarda qalmaz, milyardlarla vəsaiti itirməzdi”.

Deputata görə, ermənilər bu gün də “Böyük Ermənistan” ideyasından əl çəkmək istəmirlər, lakin görünür növbəti “yumruğ”a ehtiyacları var:

“Onlar çox çalışırlar ki, müharibə olsun, atəşkəs pozulsun və sonra da sülh müqaviləsinin imzalanması müəyyən vaxta qədər uzadılsın. Amma Azərbaycan dövləti, xüsusilə də Prezident İlham Əliyev elə bir siyasət aparır ki, bu gün dünya bizim tərəfimizdədir. Lakin Ermənistanın daxilində də qüvvələr var ki, onlar Paşinyanı devirmək istəyir. Xüsusilə Rusiya ona sərf etmir, eləcə də İran bu məsələdə müəyyən qədər maraqlıdır. Amma bütün bunlara baxmayaraq, Azərbaycanın apardığı siyasət tamamilə düzgün siyasətdir”.

“Ermənistanın BMT Təhlükəsizlik Şurasına müraciətinə gəldikdə isə mənə elə gəlir ki, heç bir nəticə verməyəcək. Nəticə o şərtlə ola bilər ki, Ermənistana diktə edəcəklər ki, sülh müqaviləsini imzala və atəşkəslə razılaş. Amma bu müraciətin danışıqlara heç bir təsiri ola bilməz. Çünki danışıqlar beynəlxalq səviyyədə aparılır, habelə BMT də bunu dəstəkləyir. Ona görə də İrəvan nə qədər tez masa arxasına oturub müqaviləni imzalasa, Azərbaycanın ərazi bütövlüyünü rəsmi olaraq tanısa və sərhədlərinin delimitasiya-demarkasiyasını vaxtında aparsa, onun üçün daha çox yaxşı olacaq.

Yox, əgər bu hadisələr belə davam edərsə, Ermənistanın gələcəkdə bir dövlət kimi qalması şübhə altında ola bilər. Qısası, məsələ çox ciddidir deyə, onlar daxildə ciddi qərarlar verə bilər”, – müsahibimiz fikirlərini tamamlayıb.

yenisabah.az

Xəbərlər