Siyasət 4 Mart 2024, 16:35 | Baxış sayı: 148
"Gedin, quşunuzu başqa yerdə uçurdun!"

Avropa Parlamenti deyəsən kursu tam dəyişib. Çünki, son vaxtlar “qətnaməsevər” mahiyyətindən əsər-əlamət sezilmir. Ancaq hesabatlılığa köklənib. Kargüzarlıqla məşğuldur. Yazırlar-pozurlar, düzürlər-qoşurlar, çap edirlər, yayırlar, və...eynən məşhur lətifədə deyildiyi kimi, “qırlaya-qırlaya gedirlər...”

Mən hərdən bunları Sovet dövrünün məşhur “matryoşka” kuklalarına bənzədirəm. Biri digərinin “kopirovka”sıdır. Sağdakı nə etsə soldakı ona uyğunlaşır. Arxadakı nə oyun çıxarsa, qabaqdakı onun əlinə oynayır.

Yəqin elə bu səbəbdəndir ki, Avropa Şurasının yarım qalmış malasını (palçığını) doldurmaq üçün Avropa Parlamenti özünə cidd-cəhdlə həkk gəlib. Ki, maya batmasın. Riyakarlıq bünövrəsi tamamlansın, Makronun balaca boyuna adekvat və birəbir biçilən xırda (cılız) ambisiyalar reallaşsın, Borrelin təşkil etdiyi “siyasi xınayaxdı”da əlinə, üzünə, gözünə ləkə düşməyən, bu qərəzə bulaşmayan qalmasın...  

Hesabatın adına bir baxın: “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi”. Pəh. Nə gözəl. Əla. Sürəkli alqış. Ura! Hətta düşünürəm ki, fantastik üslubda yazılmış əsəri xatırladan bu hesabatın epiloquna Ukraynanın timsalında müdafiəsini təşkil edib, “ağ günə” çıxardıqları bütün ölkələrin taleyindən də nümunələr, misallar əlavə olunmalıdır. Niyə də yox?! O boyda “əziyyət” çəkiblər, zaman sərf ediblər, tər töküblər, topa güllə qoyublar...

Hələ bunun əmisi var, dayısı var, Qərbi var, Amerikası var. Yaxşı olar, onlardan da sitat gətirsinlər. Məsələn, “Ərəb baharı”ndan sonra həyatlarındakı “bahar” anlayışını birkərəmlik məhv etdikləri ölkələrdən. Tutaq, Liviyadan, İraqdan və ya digərlərindən...

Yazıq Qəddafi BMT-nin tribunasında həyəcan dolu anons verəndə ki, bizi təkləyib qıracaqlar, həmin vaxt bəzi ərəb liderləri zalda nümayişkaranə şəkildə gülüşürdülər. Amma indi yəqin gecindən də olsa anlayıblar. Dərk ediblər. Başlarına vurublar. Ki, kişi nəyi nəzərdə tuturmuş...

Ölkələri qara rəngə boyayan “Narıncı inqilablar” ard-arda realizə olunanda hətta bəzi xalqlar belə xoşbəxtliyin onlara doğru narıncı rəngə bürünüb gələcəyini düşünürdülər. Amma sonradan bəlli oldu ki, bu saxta icraatlar Qərb və onun maşası olan Avropanın mətbəx(lər)ində hazırlanır. Məramı da tərəqqi deyil, tənəzzüldür! Hədəfi də ölkələri müstəqilliyə, demokratiyaya deyil, itaətkarlığa qovuşdurmaqdır!

Üstəlik, Avropanın o zamanlardan bəri bizi sevməməsinin bir səbəbi də budur ki, nadan və qorxunc məqsədlərə hesablanan həmin “Narıncı inqilablar”ın estafetini İlham Əliyev durdurdu. Azərbaycanda. Öz müdrikliyi və qətiyyəti sayəsində. Durdurdu və beləcə bir tək öz ölkəsini deyil, həm də bizdən sonra nəzərdə tutulan sıralamada qərarlaşanları da riyakar Qərbin və Avropanın caynağından xilas etdi...

İndi isə həmin uduzmuşlar, zaman-zaman bütün təxribat daşlarının altından boylananlar bizə yön göstərmək, xox gəlmək istəyirlər. Həm də “ağsaqqal” muduna girərək.

Sən axı kimsən ki, yekə-yekə məsləhətlər verirsən? Sən axı özünü nə hesab edirsən ki, belə havaya girmisən, Avropa?  30 il boyunca fil qulağında mürgüləyəndən sonra, 1 milyon qaçqının taleyinə, 20 faiz torpağın işğalına, BMT-nin 4 qətnaməsinə, beynəlxalq hüququn ana prinsiplərinin pozulmasına biganə, etinasız qalandan sonra, Xocalı boyda faciəni, soyqırımı görməzdən keçəndən sonra sən hansı üzlə təhlükəsizlikdən, müdafiədən dəm vurursan?

Harda görünüb ki, sülh təşviq edən təşkilat – hələm-hələm beynəlxalq təşkilat – münaqişə dövlətlərindən birinin əlavə silahlarla gücləndirilməsi məsələsini öz “giydirmə” hesabatında əsas xətt kimi ön plana çıxarsın?

Harda görünüb ki, böyük bir qitənin qlobal təmsilçiliyindən məsul qurumun informasiya mənbəyi sadəcə “dezo”lardan, bütün varlığı boyunca vandalizm prinsipini özünə prioritet seçən dövlətin ötürdüyü məlumatlardan ibarət olsun?

Harda görünüb ki, ədalətin varlığından cavabdeh olmalı təsisat pərdə arxasında “femida”nın mizanını var gücü ilə bir tərəfdən aşağı dartsın, həmin mizanın çəki daşlarını oğurlayıb qaçsın?

Sizlərin “məhlə”sindən savayı heç harda, cənab Avropa!

***
Ona görə də lütfən bizdən kənar dayanın. Gedin, quşunuzu başqa yerdə uçurdun. Uçurdun, qanadını qırın, şikəst edin və...sonra da qırmızı-qırmızı deyin ki, demokratiya uğrunadır!


Elşən Musayev, Milli Məclisin deputatı,
Demokratik Maarifçilik Partiyasının sədri

Xəbərlər