Cəmiyyət 9 May 2023, 17:35 | Baxış sayı: 156
"Əfv Sərəncamı göstərdi ki, dövlətimiz üçün əfv edilənlərin kimliyi, siyasi baxışları önəmli deyil"

"Cənab Prezidentin bu gün imzaladığı Əfv Sərəncamı ilə indiyədək əfv edilənlərin sayını üstələyib. Cənab Prezidentin Sərəncamı ilə 801 nəfər əfv olunub. Bu Sərəncam Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı verilib və göründüyü kimi, Ümummilli liderin adı bu gün də insanların sevincinə və həyatlarının vacib məsələlərinin həllinə yönəlib". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. 

Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən indiyədək 69 Əfv Sərəncamı imzalanıb:

"İndiyədək 10 minə qədər insan azadlığa çıxıbdır. Bugünkü Sərəncamda 25 nəfər qadın, 14 nəfər xarici vətəndaş əfv edilib. 

Eyni zamanda, əfv siyahısında cəmiyyətdə tanınan insanlar da vardır. Bunun özü göstərir ki, dövlətimiz üçün əfv edilənlərin kimliyi, siyasi baxışları və digər məsələlər önəmli deyil. 

Cənab Prezidentimiz növbəti dəfə vətəndaşların bu istəklərini yerinə yetirdi. Bu hüququ təsdiq etdi. Dövlətimizin humanist bir dövlət olduğu, hətta səhv etmiş insanları belə bağışladığının bir daha şahidi olduq. 

Artıq Azərbaycanda Əfv sərəncamlarının qəbul edilməsinin dövlətçilik ənənəsi vardır. Bəzən il ərzində bir neçə Sərəncam imzalanır və yüzlərlə, minlərlə insan sevinir. 

Əfv Sərəncamı ilə vaxtilə səhv etmiş insanların öz həyatını dəyişmək, səhvlərindən nəticə çıxarmaq, ailəsinə qovuşmaq, cəmiyyətdə özünə yenidən yer tutması üçün növbəti dəfə şans verilir. Bununla Azərbaycan dövlətinin öz vətəndaşının hüquqlarının qorunmasında, azadlığının təmin edilməsində necə böyük işlər gördüyünün bir daha şahidi oluruq. 

İlkin reaksiyalar onu göstərir ki, Əfv Sərəncamı Azərbaycan cəmiyyətində müsbət qarşılanıb, yüksək qiymətləndirilir. Cənab Prezidentə humanistliyinə, insanların həyatını dəyişmək şəraiti yaratdığına görə öz təşəkkürümü bildirirəm".

Xəbərlər