"Fransanın neomüstəmləkəçilik siyasətini regionumuza gətirmək cəhdlərini müşahidə edirik"
Fransanın Ermənistanı silahlandırmaq təşəbbüsü Cənubi Qafqazda davamlı sülhün təmin olunmasına təhdid yaradır. Çox təəssüf ki, biz Fransanın ənənəvi neomüstəmləkəçilik siyasətini regionumuza gətirmək cəhdlərini müşahidə edirik.
Bunu açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Soltan Məmmədov qeyd edib ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsindən sonra bəzi dövlətlərin, xüsusilə də Fransanın atdığı addımlar bölgəni daim gərginlikdə saxlamaq, beləliklə də regional proseslərə təsir imkanları əldə etmək məqsədi güdür.
Deputat bildirib ki, Fransa Vətən müharibəsindən sonra dəfələrlə Azərbaycana qarşı qərəzli addımlar atıb. Yüksək vəzifəli şəxsləri təxribatçı addımları, diplomatik etiketə və beynəlxalq hüquqa zidd açıqlamaları münasibətlərdə etimadın ciddi şəkildə zədələnməsinə səbəb olub: “Fransa BMT səviyyəsində Azərbaycana qarşı qərarların qəbul edilməsinə çalışdı, lakin bu təşəbbüslər uğursuzluqla nəticələndi. Fransa hökumətinin və parlamentinin qəbul etdiyi sənədlər, müxtəlif səviyyələrdə Azərbaycan təzyiq göstərmək cəhdləri uğursuz oldu. Ermənistana göndərilən Avropa İttifaqının missiyası da heç bir praktik nəticəyə nail ola bilmədi. İndi isə Ermənistanı silahlandırmaq, hərbi attaşe təyin etmək, hərbi instruktorlar göndərmək kimi ideyalar irəli sürülür. Fransa hökumətinin atdığı addımlar yalnız bir məntiqə əsaslanır ki, nəyin bahasına olursa olsun regional proseslərə müdaxilə etmək imkanı qazansınlar.”
Soltan Məmmədov vurğulayıb ki, Fransanın Ermənistanla hərbi sahədə əməkdaşlığı genişləndirmək məqsədilə atdığı addımlar yeni münaqişələr üçün zəmin yaratmağa hesablanıb. Bu cür təşəbbüslər Makron hökumətinin Cənubi Qafqazda sülhün təmin edilməsində maraqlı olmadığının göstəricisidir. Ermənistan isə təhlükəsizlik bəhanəsi altında əslində bölgədə səngiməkdə olan gərginliyi artırmağa can atır: “Tehranda “3+3” regional məşvərət formatının nazirlər səviyyəsində keçirilən birinci görüşündə iştirakçılar regional problemlərinin həllində məhz bu regionda mövcud olan ölkələrin əsas rol oynaması barədə konsensusa gəlib. Lakin biz bu gün bir daha müşahidə edirik ki, Ermənistan hökumətinin imza atdığı sənədlərdə bəyan etdikləri ilə real addımları bir-birini tamamlamır. Rəsmi İrəvan regiondan uzaq dövlətlərin Cənubi Qafqazdakı proseslərə müdaxilə etməsinə şərait yaratmağa çalışır. Bu, bir daha Ermənistanın regionda sülhün əldə edilməsinə maneə yaratmağa çalışdığını, öz ölkəsinin, xalqının və bütövlükdə regionun təhlükəsizliyi ilə bağlı aydın, səmərəli və tərəfdaşlarda etimad yaradacaq strategiyaya malik olmadığını göstərir”.
APA