Plenar iclaslar 16 İyun 2023, 15:53 | Baxış sayı: 104
"Fransa obyektiv mövqe tutmur"

Bu günlərdə Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna Avropa Parlamentində müzakirələr zamanı Azərbaycanla bağlı növbəti dəfə əsassız mülahizələrlə çıxış edib. Azərbaycanın öz suveren ərazilərində nəzarət-buraxılış məntəqəsi yaratması ilə bağlı əsassız fikirlər səsləndirib. Bu, bir daha göstərir ki, Fransa Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində obyektiv və tərəfsiz mövqe tutmur. Əksinə vəziyyəti gərginləşdirmək siyasətini davam etdirir.

Demokrat.az 
xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.

Deputat bildirib ki, Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ötən həftə Fransa Respublikasına səfəri olmuşdu: “İlk növbədə səfərin təşkilinə və işçi qrupun fəaliyyətinə göstərilən dəstəyə görə Milli Məclis rəhbərliyinə, Sahibə xanım Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Həmkarlarım Ramin Məmmədov və Tural Gəncəliyevlə birlikdə Fransa Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun rəhbəri Pyer Vatan və qrupun üzvləri ilə görüşdük. Görüşdə iki ölkə arasında münasibətlərə dair bir çox məsələlər ətrafına müzakirəmiz oldu. Fransalı həmkarlarımız da son illərdə ölkələrimizin qarşılıqlı münasibətlərində yaranan anlaşılmazlıqlardan narahatdır. Fransanın Cənubi Qafqazla bağlı siyasəti, xüsusilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində tutduğu mövqeyi heç də Fransadakı bütün siyasətçilər dəstəkləmir. Biz Azərbaycanın münasibətlərdə yaranmış böhranın səbəbkarı olmadığını və Milli Assambleyadakı Dostluq Qrupundan daha aktiv fəaliyyət gözlədiyimizi də bildirdik. Xüsusilə son dövrlərdə Fransanı Ermənistanı silahlandırmaq təşəbbüsləri ilə bağlı yayılan məlumatlar ətrafına fikir mübadiləmiz oldu. Fransa Senatının Beynəlxalq əlaqələr, müdafiə və silahlı qüvvələr komitəsinin sədri Kristian Kambon ilə görüşdə Azərbaycanı narahat edən məsələlər barədə məlumat vermək imkanımız oldu. 44 günlük müharibədən sonra bölgədə yaranmış yeni reallıqlar, Azərbaycanın sülh təşəbbüslərinə Ermənistanın qeyri-konstruktiv yanaşması ilə bağlı fikirlərimizi bildirdik.

Fransa parlamentinin üzvləri parlamentlərarası əlaqələrin möhkəmləndirilməsinin vacib olduğunu bildirdilər. Bu istiqamətdə bir sıra maraqlı təkliflər, ideyalar səsləndi. İnanıram ki, Milli Məclis rəhbərliyinin də dəstəyi ilə biz bu təklifləri həyata keçirə biləcəyik. Bütün görüşlər zamanı bir daha vurğuladıq ki, əlaqələrdə mövcud böhranın aradan qaldırılması üçün ilk növbədə Fransa tərəfinin öz siyasətinə yenidən baxmasına ehtiyac var. Fransa parlamentinin hər iki palatasında Azərbaycanın haqlı, ədalətli mövqeyini anlayışla qarşılayan həmkarlarımız hökumətlərinin yürütdüyü siyasətin yanlış olduğunu cəmiyyətə çatdırmaq üçün daha fəal iş aparmalıdır. Biz də bu məsələdə səlahiyyətlərimiz çərçivəsində zəruri dəstəyi verməyə hazır olduğumuzu bildirdik.

Səfərin nəticəsi ilə bağlı qeyd etmək istəyirəm ki, Fransa parlamentində Cənubi Qafqazdakı reallıqları düzgün qiymətləndirməyi bacaran, Azərbaycanın regional və qlobal proseslərdə artan rolunu başa düşən həmkarlarımızla daha sıx işləməyi düşünürük”.

Daha sonra spiker Sahibə Qafarova səfərdə iştirak edən Ramin Məmmədova da söz verib və soruşub ki, Fransada keçirdiyi görüşlərdə Ermənistan nümayəndələri ilə görüşləri barədə məlumat veribmi.
Ramin Məmmədov bununla bağlı görüşlərdə məlumat verdiklərini diqqətə çatdırıb: Hətta Fransada keçirdiyimiz görüşlər zamanı bizim Ermənistan nümayəndələri ilə görüşlərimiz, müzakirələr barədə məlumatlı olmadıqlarını deyənlər də olub. Biz Ermənistan nümayəndələri ilə keçirdiyimiz görüşlər, apardığımız müzakirələr barədə məlumat verdik”.
“Fransada siz danışdınız, ümidvarıq ki, eşitdilər”, - deyə Sahibə Qafarova bildirib.

Xəbərlər