Plenar iclaslar 4 Aprel 2023, 12:54 | Baxış sayı: 258
"Fransa müharibədən sonra da Azərbaycanla bağlı qərəzli siyasətini davam etdirir”

“Fransa Senatında martın 16-da növbəti dəfə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş, beynəlxalq hüquqa açıq hörmətsizlik ifadə edən konfrans keçirilib. Təəssüf ki, Fransa 44 günlük müharibə zamanı olduğu kimi, müharibədən sonra da Azərbaycanla bağlı qərəzli siyasətini davam etdirir”.

“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin depuatatı Soltan Məmmədov parlamentin aprelin 4-də keçirilən plenar iclasında deyib.

Deputat bildirib ki, Cənubi Qafqazda yaranmış yeni reallıqlar, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində irəli sürülən təşəbbüslər fonunda Senatda bu cür tədbirlərin təşkili regionda sülhü, sabitliyi pozmağa yönəlib.

Onun sözlərinə görə, Azərbaycan parlamentində dəfələrlə Fransanın ikili standartlar siyasətinə son qoyması ilə bağlı çağırışlar edilib: “Lakin görünür, fransalı həmkarlarımz bu çağırışların siyasi əhəmiyyətini düzgün qiymətləndirə bilmirlər. Fransa Avropa məkanında milli azlıqlara məxsus şəxslərin hüquqlarının mühafizəsi sahəsində ən fundamental sənədlərdən biri hesab olunan Milli Azlıqlar haqqında Çərçivə Konvensiyasını indiyə qədər imzalamayıb. Bununla yanaşı, Avropa Şurasının Regional və ya Azlıq dilləri üzrə Avropa Xartiyasını ratifikasiya etməyib. Bu, əslində Fransanın milli azlıqların hüquqlarına yanaşmasını əks etdirən faktlardır. Belə bir ölkənin başqalarına etnik azlıqların hüquqları ilə bağlı irad bildirməyə mənəvi haqqı yoxdur”.

S.Məmmədov qeyd edib ki, Fransa Milli Assambleyasında Azərbaycanla dostluq qrupu fəaliyyətə başlayıb: “Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə ikitərəfli əməkdaşlığı inkişaf etdirmək məqsədilə müəyyən ideyalar, təkliflər irəli sürülür. İqtisadi, mədəni, humanitar sahələrdə birgə layihələr həyata keçirmək niyyəti var. Fransa senatında atılan bu cür addımlar əlaqələrin gələcəyinə dair ümidləri xeyli dərəcədə zəiflədir. Bizim birgə layihələrimizin məramı həm də regionda sülhü təşviq etməkdir. Çünki indi nəinki Cənubi Qafqazın, ümumilikdə beynəlxalq münasibətlər sisteminin bu cür təşəbbüslərə daha çox ehtiyacı var. Dünyada mürəkkəb proseslərin cərəyan etdiyi, müxtəlif bölgələrdə minlərlə insan itkisinə səbəb olan ciddi toqquşmaların baş verdiyi indiki həssas məqamda Fransa sülh və əməkdaşlıq üçün çox böyük imkanların yarandığı Cənubi Qafqazda vəziyyəti drammatikləşdirməyə çalışır. Bu siyasət nə Fransanın, nə uzunmüddətli münaqişələrdən əziyyət çəkmiş region xalqlarının maraqlarına cavab verir. Əksinə, bölgəmizdə qeyri-sabitliyin artması nəticə etibarilə qlobal sülhə və təhlükəsizliyə də mənfi təsir göstərir. Fransa BMT Təhlükəsizlik Şurasının üzvü kimi, qlobal təhlükəsizliyə məsuliyyət daşımalı olan ölkələrdən biridir. Fransa senatının üzvləri görünür bu vacib məqamı da unudurlar".

"Azərbaycan dövləti bütün digər tərəfdaşları ilə münasibətlərdə olduğu kimi, Fransa ilə əlaqələrdə də hər zaman səmimi, ardıcıl siyasət yürüdüb. Biz Fransanın beynəlxalq münasibətlər sistemində rolunu bilirik. Lakin Azərbaycan öz milli maraqlarının sərhədlərini də dəqiq bilir və heç bir dövlətin bu sərhədləri keçməsinə imkan vermək niyyətində deyil. Fransa nəhayət ki, indiyə qədər yürütdüyü təzyiq siyasətinin nəticə vermədiyini və bundan sonra da verməyəcəyini anlamalıdır”, - o əlavə edib.

Xəbərlər