Siyasət 1 Dekabr 2022, 14:49 | Baxış sayı: 338
"Fransa Cənubi Qafqazda sülhə töhfə vermək fürsətlərini əldən verir"

“Fransa Senatının noyabrın 15-də anti-Azərbaycan məzmunlu qətnamə qəbul etməsinin ardınca dünən Fransa Milli Assambleyası Azərbaycana qarşı qətnamə qəbul edib. Bununla Fransa Cənubi Qafqazda sülh və sabitliyə töhfə vermək fürsətlərini əldən verir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nigar Arpadarai bildirib.

Nigar Arpadarai deyib ki, bu, son 3 ildə üçüncü belə qətnamədir: “Fransa Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasında vasitəçi olmaq imkanını birmənalı itirdi. Bu qətnamə beynəlxalq hüquq normalarına açıq hörmətsizlik nümayiş etdirir, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini hədəf alır. Fransa Senatının və Milli Assambleyasının absurd və qərəzli qətnamələrinə münasibətdə həm Azərbaycan Prezidenti, həm Milli Məclis, həm də bütün Azərbaycan xalqının mövqeyi birdir. Biz bu qətnamələri qəti şəkildə rədd edirik”.

Deputat qeyd edib ki, Fransa müəyyən konyuktur maraqlardan çıxış edərək belə addımlar atmaqla əslində həm özünün maraqlarına zərbə vurur, həm də Ermənistana kömək etmir: “Bütün bunlar Fransanın regionumuzda sülhün bərqərar olmasını istəmədiyini göstərir. Fransa bu yolla Ermənistana da kömək etmir. Xatırlayırsınızsa, Fransa Senatının qəbul etdiyi qətnamədən sonra Milli Məclisin çox ciddi bəyanatı oldu, Fransaya münasibətdə siyasi və iqtisadi addımların atılmasına çağırış oldu. Bəyanatda əksini tapan müddəaların həyata keçirilməsini dəstəkləyirik”.

Nigar Arpadarai rəsmi diplomatiya ilə yanaşı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün ictimai diplomatiyanı da gücləndirməyi vacib sayıb: “İctimai diplomatiya deyəndə həm diaspor, həm ekspertlərimiz, həm influserlərimiz, həm də xaricdə yaşayan fəallarımızı nəzərdə tuturam. Necə Vətən müharibəsi dövründə mövqeyimizi bütün platformalara çatdırırdıq, indiki mərhələdə də bu sahədə aktiv olmalıyıq. Bütün bunlar Azərbaycana qarşı qərəzli addımların, qərarların qarşısının alınmasında mühüm rol oynayacaq”.

Xəbərlər