“Formula-1 üçün Bakıya gələnlər Azərbaycandan getmək istəmirlər”
"Bu gün Formula-1 dünyanın ən populyar və diqqəti daha çox cəlb edən kütləvi idman oyunlarından biridir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Deputat qeyd edib ki, indiyədək Azərbaycanda keçirilən bu yarışı 500 milyon nəfərə qədər insan izləyib:
"Formula-1 yarışı ilk növbədə ölkənin tanıdılmasında, onun tarixinin, mədəniyyətinin, problemlerinin öyrənilməsində böyük rol oynayır. Heç də təsadüfi deyil ki, Formula-1 yarışı keçirilərkən Vikipediya elektron kitabxanasında Azərbaycan, Bakı, Qarabağ mövzularında olan məqalələrə xarici dillərdə çox saylı baxışlar olur. Bu, o deməkdir ki, Formula-1 yarışı Azərbaycanda keçirildiyinə görə, insanlar ölkəmizlə bağlı daha çox məlumat əldə etməyə çalışırlar. Xaricdə olan diaspor nümayəndələrimiz də müsahibələrində tez-tez Azərbaycanı "Formula-1 yarışlarına görə də tanıyırlar" fikrini işlədirlər".
Millət vəkili vurğulayıb ki, ilk növbədə bu yarışların ölkəmizdə keçirilməsi Azərbaycanın tanıdılmasıyla yanaşı iqtisadi cəhətdən də mühüm üstünlüklər verir:
"Bu, iqtisadi və səmərəli bir layihədir. Cəmi 3 gün keçirilməsinə və qısa bir müddət hazırlanmağına baxmayaraq, milyonlarla dollar ölkəyə gəlir gətirir. Gələn turistlər hotellerdə qalırlar. Onlar müxtəlif marketlərə, butiklərə daxil olub alver edirlər. Azərbaycanla bağlı gələcək planlarını qurmaq istəyənlər də olur. Heç də az sayda deyil ki, Formula-1 yarışına gələn insanlar sonradan əlavə olaraq Azərbaycanda qalırlar, getmğk istəmirlər. Öz bizneslerinin burada genişlənməsinə, habelə Azərbaycanda maraqlı hansısa bir iqtisadi təkliflər irəli sürürlər, həmçinin öz ölkələrində bunu yaymaqla bağlı təklif edənlər də az deyil. Hesab edirəm ki, Formula-1 yarışı növbəti üç gündə Azərbaycanın tarixini, mədəniyyətini, iqtisadi imkanlarını, ən əsası insanlarını dünyaya daha yaxşı tanıda biləcək".