"Formula-1 sakinlərə 3-4 günlük əziyyət versə də, Azərbaycanı dünyaya tanıdır"
"Formula-1 yarışı cəmi bir neçə ildir ki, Azərbaycanda keçirilir. Ümumiyyətlə, bu kimi beynəlxalq yarışlar istənilən ölkənin təbliğatı, onun turizm potensialının bərpasında çox böyük rola malikdir. Qarşımızdakı yeni dönəmdə turistlərin ölkəmizə cəlb edilməsi, gələn turistlərin sayının artırılması üçün istənilən belə beynəlxalq yarışların və tədbirlərin keçrilməsi çox səmərəlidir. Çünki Formula-1 yarışının auditoriyası yarım milyarda qədər çatır. Düşünürəm ki, bu cür auditoriyanının diqqətinin nəinki Formula-1 yarışlarına, eyni zamanda ölkəmizin bir turist və idman ölkəsi kimi təbliğ edilməsi baxımından olduqca vacibdir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.
Deputat bildirib ki, Qarabağ turizm üçün çox əlverişlidir:
"Dövlətimiz çalışır ki, ilk növbədə Qarabağı böyük turizm cənnətinə çevirsinlər. Yarım milyardlıq auditoriyanın izlədiyi məşhur Formula-1 yarışının əhəmiyyəti bu baxımdan əvəzsizdir. Əslində, Formula-1 ölkəmizin təbliğatının, turizm potensialının gücləndirilməsində çox böyük əhəmiyyətli rol oynayacaq".
Kamran Bayramov qeyd edib ki, Azərbaycan bütün beynəlxalq yarışları yüksək səviyyədə təşkil edir:
"Artıq bir neçə ildir ki, ölkəmizdə Formula-1 yarışı keçirilir. Bu yarış Bakı şəhərinin mərkəzində keçirildiyi üçün yerli sakinlər üçün qısamüddətli, yəni 3-4 günlük əziyyət verir və müəyyən məhdudiyyətlər yaranır, amma Azərbaycanı dünyaya tanıdır. Bu yarışın dövlətimiz üçün uzunmüddətli prespektivləri və üstünlükləri də çoxdur. Qısa müddətdə məhdudiyyətlər ölkəmizin dünyaya tanıdılması, təbliğ edilməsi baxımından müqayisə olunan deyil.
Düşünürəm ki, Azərbaycan hökuməti bu məsuliyyətin öhdəsindən bu dəfə də layiqincə gələcək. Bu yarışlar da çox gözəl, uğurlu təşkil olunması ilə yadda qalacaq".
Deputatın fikrincə, Formula-1 yarışlarını çox ölkə keçirə bilmir:
"Bu yarışın keçirilməsi üçün yarışın təşkilatçıları tərəfindən çox sərt və yüksək tələblər irəli sürülür. Təsəvvür edin ki, Azərbaycanın infrakstur, eyni zamanda sabitlik baxımından göstəriciləri o qədər yüksəkdir ki, Formula-1 yarışının təşkilatçıları bu yarışın Azərbaycanda keçrilməsinə icazə veriblər. Yəni, ölkəmizə etibar ediblər və yanılmıyıblar. Çünki bu yarış ildən-ilə daha böyük uğurla keçirilir və Azərbaycanın dünyada etibarı da artır. Nəinki Formula-1, digər geniş miqyaslı, auditoriyası daha böyük olan yarışların keçrilməsi ölkəmiz üçün çox böyük zəmin yaradır".