Cəmiyyət 4 Fevral 2022, 14:45 | Baxış sayı: 198
"Fevral ayında veriləcək pensiya artımla birlikdə vətəndaşlara təqdim olunacaq".

Yaxın günlərdə orta aylıq əmək haqqındakı artım faizinin elan oluncağı gözlənilir. Eyni zamanda, əmək pensiyalarının həmin faizə indeksasiya olunacağı bildirilir.

Pravda.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Modern.az-a açıqlamasında bildirib ki, mövcud qanunvericiliyə əsasən pensiya indeksasiya olunduqdan sonra artımlar həmin ilin ilk ayının pensiyasına da şamil olunur.

Deputat qeyd edib ki, indeksasiya ilə bağlı qərarın yanvarın sonu və ya fevralın əvvəlində verilməsinə baxmayaraq, pensiyalar əvvəlki ildə orta aylıq əmək haqqındakı artım faizinə indeksasiya olunur:

"Ona görə də rəsmi orta aylıq əmək haqqındakı artım faizi Dövlət Statistika Komitəsi tərəfindən birinci ayın sonunda və ya ikinci ayın əvvəlində elan olunur. Burada bir ay fərq var və buna rəğmən qanunvericiliyə əsasən ilk ayda indeksasiya olunmalı və verilməlidir”.

V.Bayramov bildirib ki, artıq yanvar ayının pensiyaları ödənilib:

"Ona görə də mövcud qaydalara əsasən, fevral ayında pensiyalar verilən zaman yanvar ayındakı artım fevral ayındakı pensiyaya əlavə olunmalıdır. Fevral ayında veriləcək pensiya artımla birlikdə vətəndaşlara təqdim olunacaq”.

Xəbərlər