Siyasət 29 Mart 2023, 12:05 | Baxış sayı: 156
"Fazil Mustafanı ölümlə hədələyirdilər"

Ötən gün Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktı törədilib. Yaşadığı evin qarşısında güllələnən deputat çiyin və ayağından yaralanıb. O, dərhal xəstəxanaya çatdırılaraq, əməliyyat olunub.

 

Deputata qarşı sui-qəsd cəhdinin kimlər tərəfindən törədilməsi ciddi müzakirə mövzusuna çevirilib. Hadisə ilə bağlı müxtəlif versiyalar  səsləndirilir. Maraqlıdır, terror aktının arxasında hansı güclər var? Mövu ilə bağlı Modern.az-a danışan deputat Etibar Əliyev bildirib ki, həmkarı Fazil Mustafaya səsləndirdiyi fikirlərlə bağlı təhdidlər gəlirdi. "Fazil bəyə törədilən terrorla bağlı ehtimallar çoxdur. Şübhələnməyə əsas yaradan məqamlar da çoxdur. Fazil bəy Azərbaycan xalqına və dövlətinə yönəlmiş zərərli ideologiyalar, təhdidlərə qarşı açıq mətnlə çıxış edirdi. O, çəkinmədən ölkəmizə qarşı yönələn zərərli fikirlərin əleyhinə çıxırdı. Məhz yazdığı status və söylədiyi fikirlərə görə, ona təhdid mesajları və zəngləri gəlirdi", - deyə parlamentari vurğulayıb.

 

Deputat vurğulayıb ki, Fazil Mustafaya qarşı terror aktının arxasında İran ola bilər: "Bu məsələni hüquq mühafizə orqanları araşdıracaq. Fazil bəyi səsləndirdiyi fikirlərə görə təhqir edir, hətta, ölümlə hədələyirdilər. Həmin o şəbəkəyə xidmət edən şəxslərin 90 faizi İrana bağlıdır. Mən feysbuk platformasında Fazil bəyi izləyirdim. Onu təhdid edənlər İranla birbaşa əlaqədə olan şəxslər idi. Fazil bəy Milli Məclisdə etdiyi çıxışlarında və yazdığı statuslarda cəhalətə qarşı çıxırdı. Ölkəmizdə cəhaləti təbliğ edənlərə qarşı mübarizə aparırdı. Şübhəsiz ki, bütün bunlar həmin şəbəkəyə qulluq edən insanları qıcıqlandırırdı. Hüquq mühafizə orqanları bu məsələni araşdırıb, kökünü tapmalıdır. İranda səfirliyimizə edilən hücumla Fazil Mustafaya qarşı törədilən terror aktı arasında 50 gün fərq var.

 

Düşünürəm ki, hər iki terror aktı arasında bir bağlantı var. Çünki hər ikisi "Kalaşnikov" tipli avtomatla törədilib. Ümumiyyətlə, bu hadisənin şəxsi zəmində baş verəcəyinə inanmıram. İnsanlarla mübahisə, fikir ayrılıqları olur, ancaq mən inanmıram ki, onun kiminləsə problemi olsun. Bu terror aktı hansısa xarici qüvvələrin sifarişidir. Hər halda avtomatla atəş açılıbsa, məqsədlərinin öldürmək olduğu ortaya çıxır".

Xəbərlər