“Eşitdik ki, AZAL-da ölkəxarici reyslərin qiymətləri ucuzlaşıb, çox sevindik...”
Xəbər verdiyimiz kimi, AZAL-ın hazırki rəhbəri Samir Rzayevin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında avtomobillərin parklanma qiymətlərini əvvəlki dövrlə müqayisədə 2 dəfəyədək bahalaşdırdığı iddia olunur. Eyni zamanda, yeni təqvim ilindən etibarən Beynəlxalq Hava Limanındakı ofislər, valyutadəyişmə məntəqələri və anbarlar üçün də qiymətlər yeni bahalaşdırılmış tariflərlə hesablanır. AZAL-ın bu qərarı geniş müzakirəyə səbəb olub, onsuz da təyyərə biletlərinin bahalığından narazılıq edən vətəndaşların etirazlarını daha da artırıb.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Aqil Məmmədov açıqlamasında vətəndaşların narazılıqları ilə bağlı bunları deyib: “Əvvəla, AZAL-da rəhbərlik dəyişəndən sonra bir çox müzakirələr apardılar. Rəhbərliyin dəyişdirilməsindən heç 1 ay keçmədi, 40 nəfərdən çox millət vəkilinin iştirakı ilə AZAL-dakı problemlərin həlli barədə müzakirələr aparıldı, təkliflər verildi. Biz rəhbərliyə dedik ki, imkan daxilində şəraitə uyğun olaraq qiymətlərə baxılsın. Eyni zamanda xidmətin yüksək səviyyədə təşkili ilə əlaqədar söhbətlər aparıldı. Son vaxtlar tədbirlərlə əlaqədar bölgələrdəyik. Buna görə də AZAL-da hansısa qiymət bahalaşmasından xəbərim yoxdur. Əksinə, eşitdik ki, müəyyən ölkəxarici reyslərdə, qiymətlərdə dəyişikliklər olub, qiymətlərin ucuzlaşıb. Həqiqətən, çox sevindik ki, artıq AZAL-da bu istiqamətdə addımlar atılır. Yeni qiymət artımları barədə iddiaları isə dəqiq araşdırmaq, yerində baxış keçirmək lazımdır. Bundan sonra münasibət bildirmək daha asan olar. Bu gün xidmət sahəsindəki keyfiyyətdə hansısa dəyişiklik olubsa, yəni xidmət yüksək səviyyədə təşkil olunursa, onda bununla əlaqədar qiymət artımları da gözlənilə bilər. Yoxsa, xidmətdə dəyişiklik olmasın, amma qiymətlər artırılsın? Bu qəbulolunmazdır”, - deputat bildirib.
pravda.az