"Ermənistanın bu əməlləri nəticəsiz qalacaq"
Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini artilleriya atəşinə tutub. Nəticədə 3 hərbi qulluqçumuz yaralanıb. Müdafiə Nazirliyinin məlumatına görə Ermənistan mövqelərimizi müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutmaqla bölgədə vəziyyəti gərginləşdirir. Bundan əlavə qarşı tərəf mövqelərinə əlavə döyüş texnikası və canlı qüvvə yığır.
“Ermənistanın təxribatlarının sonu görünmür. Gah Qarabağdakı ermənilərin humanitar böhran içində olduğuna dünyanı inandırmağa çalışdı, gah Qafan hava limanını işə salacağını elan etdi, vaxtaşırı sərhəddə də gərginlik yaratmaqla məşğuldur. Azərbaycanı öz suveren hüquqlarından imtinaya, ermənilərin xeyrinə bir sıra güzəştlərə getməyə məcbur etmək istəyirlər. Hələ də “Böyük Ermənistan” əhval-ruhiyyəsindədirlər”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Ermənistanın növbəti təxribatına münasibət bildirərkən deyib.
O qeyd edib ki, Vətən müharibəsində sarsıdıcı zərbə aldıqlarını ermənilər özləri də etiraf edirlər:
“Ermənistan ordusu, cəmiyyəti hələ də özünə gələ bilməyib, böhran içindədirlər. Bununla belə təxribatlardan, təzyiqlərdən əl çəkmirlər. Azərbaycan artıqlaması ilə hər təxribatlarının cavabını verir. Hər növbəti dəfə gücümüzü görürlər. Gec-tez dərk etməlidirlər ki, əməlləri nəticəsiz qalacaq”.
demokrat.az