Siyasət 28 Sentyabr 2023, 17:34 | Baxış sayı: 128
“Ermənistandan didərgin düşən azərbaycanlılar Ermənistana, ermənilər isə Bakıya və digər şəhərlərimizə geri qayıda bilərlər”

“Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalananda, təbii ki, müxtəlif müddəalar müzakirə olunacaq, qarşılıqlı müəyyən güzəştlər də mümkün ola bilər. Yəqin, beynəlxalq tərəfdaşlar da bunun üzərində işləyirlər. Əslində, tərəflərə də müəyyən güzəştlərə getməyə çağırış edirlər. Amma hər bir məsələ qarşılıqlı olmalıdır. Əgər vaxtilə Ermənistandan didərgin düşən Azərbaycan vətəndaşları bu gün Ermənistana qayıtmalıdırlarsa, onda analoji olaraq Ermənistan da vətəndaşlarının Bakıya və digər şəhərlərimizə qayıtmasını istəyəcək. Bildiyimə görə, Azərbaycan da buna etiraz etmir. Bu gün Ermənistandan 400 minə qədər azərbaycanlı deportasiya olunub. Onlar əsrlər boyu Ermənistanda yaşayıblar, indi isə ev-eşiklərini qoyub gəliblər”.

 

Bu sözləri müsahibəsində Milli Məclisin deputatı Razi Nurullayev deyib.

 

Deputatın sözlərinə görə, Qərbi Azərbaycan İcması yaradılıb ki, məhz Ermənistandan didərgin salınmış vətəndaşlarımız öz evlərinə qayıtsınlar, Ermənistan hökuməti də onların hüquqlarını bərpa etsin: “Sülh müqaviləsində bu məsələlər öz əksini tapa bilər, qarşılıqlı olaraq vətəndaşlar qayıda bilərlər. Təbii ki, Azərbaycan da ermənilərin geri qayıtmasına etiraz etməyəcək. Əvəzində 400 minə yaxın insanımız Ermənistana geri qayıtmalıdır. Hələ ilkin mərhələdə bir çərçivə şəklində sülh sazişi imzalansın, sonra hansı elementlərlə zənginləşdiriləcək, hansı məsələlər sazişə daxil ediləcək, bütün bunlar növbəti mərhələdə işçi qruplar tərəfindən müzakirə olunacaq. Hazırda Azərbaycan dövlətinin, hökumətinin israrlı mövqeyi budur ki, Ermənistandan didərgin salınmış vətəndaşlarımız ora qayıtmalıdırlar. Bu birmənalıdır. Ermənilər də qayıdıb Azərbaycanda yaşamaq istəyirlərsə, təbii ki, bu, qarşılıqlı razılaşmanın nəticəsi kimi nəzərdən keçiriləcək”. 

pravda.az

Xəbərlər