“Ermənistan rəhbərliyi kölgədə gizlənib, hamısını Rusiya sülhməramlılarının üstünə atıb, amma arxada bütün işlərini görür..”
Milli Məclisin deputatı Vahid Əhmədov Ruben Vardanyanın Qarabağdakı vəziyyətdən istifadə edərək Xankəndi aeraportunun açılması ilə bağlı təklifinə münasibət bildirib.
V.Əhmədov Pravda.az-a açıqlamasında deyib ki, Şuşa-Xankəndi yolundakı aksiya ilə əlaqədar ermənilərin müxtəlif təklifləri var.
“Söhbəti belə fırladırlar ki, guya yolu biz bağlamışıq. Azərbaycan tərəfi Qarabağdakı faydalı qazıntı yataqlarında monitorinq aparmaq istəyir, Rusiya sülhməramlıları isə buna icazə vermir. Buna görə də aksiya keçirilir və faktiki olaraq hamı tərəfindən dəstəklənir. Yolu bağalayan Rusiyanın sülhməramlı kontingentidir. Humanitar yardım gətirən maşınları da özləri buraxırlar, heç bir problem yoxdur. Ermənistan isə bundan istifadə etmək istəyir. Ermənistanın xarici işlər naziri BMT-nin iclasında çıxış etdi ki, kömək edin, azərbaycanlılar yolu bağlayıblar. Biz yol bağlamamışıq. Tələb edirik ki, monitorinq aparaq, vəziyyəti öyrənək. Ekologiya ilə əlaqədar ciddi problemlər var. İkincisi, ermənilər faktiki olaraq bizim torpaqlarımızda biabırçılıq edirlər. Mis-molibden, həm də qızıl ehtiyatlarını talayır, daşıyıb aparırlar. İstəyimiz adi monitorinqdir, başqa söhbət yoxdur”, - deputat bildirib.
V.Əhmədov vurğulayıb ki, Paşinyanın nə dediyindən asılı olmayaraq, Rusiya özü məsələləri həll edir: “Bizlik bir şey yoxdur. Ermənilər həmişə hay-küy salmağı bacarırlar. Fikir verirsinizsə, bu hadisələrdə üzdə deyillər, Ermənistanın rəhbərliyi qarışmır, özü kölgədə gizlənib, hamısını Rusiya sülhməramlılarının üstünə atıb. Amma arxada bütün işlərini görür. Paşinyan deyir ki, guya humanitar böhran yaşanır. Dünən də dedilər ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə təbii qaz Azərbaycan tərəfindən kəsilib. Xarici işlər naziri Ceyhun Bayramov da açıqladı ki, yerli əhali ilə dövlət qurumları arasında əlaqə olsa idi, məsələ vaxtında həll olunardı. Ermənistanın katolikosu da dünya dini liderlərinə müraciət edib ki, guya Laçın yolu bağlıdır, humanitar böhran yaşana bilər. Anlamalıdırlar ki, yolu bağlayan Rusiya hərbi kontingentidir. Azərbaycan yalnız ekologiya ilə əlaqədar aksiya keçirir. Qarabağ Azərbaycan ərazisidir. Buna öyrəşmək lazımdır, ermənilər bunu birdəfəlik başa düşməlidirlər. Beş-on gün, ya bir-iki ay, bir il, əvvəl-axır onsuz da sülh müqaviləsi imzalanacaq, sərhədlər, ərazi bütövlüyümüz tanınacaq və məsələ bitəcək. Ermənistan isə murdar məsələləri ortaya atır, çalışır ki, prosesi uzatsın, amma bunun heç bir xeyri yoxdur...”