“Ermənistan gec-tez Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur olacaq”
Xəbər verdiyimiz kimi, ötən gün Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Telefon danışığı zamanı tərəflər İsveçin NATO-ya üzvlüyü, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasında normallaşma prosesləri, F-16-ların alınması və modernləşdirilməsi, Ukrayna Taxıl sazişini müzakirə ediblər.
Diplomatlar iki ölkə arasında gündəlikdə duran ümumi məsələləri müzakirə etmək üçün mümkün qədər tez bir zamanda görüşməyə hazır olduqlarını vurğulayıblar.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə Demokrat.az-a açıqlamasında bildirib ki, Türkiyənin xarici işlər naziri ilə ABŞ dövlət katibi arasında baş tutan telefon danışığı zamanı Azərbaycan-Ermənistan məsələsinin müzakirə edilməsi müsbət haldır:
"Bu, onu göstərir ki, yenə də Azərbaycan-Ermənistan məsələsi Türkiyənin xarici siyasət kursunda əsas məsələlərdən biri olaraq qalır. Buna görə, qardaş Türkiyəyə öz təşəkkürmüzü bildiririk".
Millət vəkili qeyd edib ki, bu məsələnin həll edilməsi regiona davamlı sülhün gətirilməsi, dünya tarixində ən ağır bir problemin həll edilməsinə gətirib çıxardacaq.
"Həmçinin, ABŞ rəsmilərinin də problemin həllinə dair diqqət göstərməsi onu sübut edir ki, problem mütləq həll edilməlidir. ABŞ-ın vasitəçiliyi ilə görüşlərin keçirilməsi tərəfləri məsələnin həllinə yaxınlaşdırmalıdır. Azərbaycanın bu məsələdə mövqeyi aydındır. Ərazi bütövlüyümüz və daxili işlərimizə qarışmamaq barəsində öhdəliyin götürülməsidir. Ermənistan bu məsələdə hələ də ziddiyətli bəyanatlar və hərəkətlər etməkdədir. Amma, nə etməsindən asılı olmayaraq Ermənistan gec-tez Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur olacaq"